.jpg)
"Araz Naxçıvan"a məğlub olmaqla ölkə Kubokunda mübarizəni dayandıran "Zirə"nin bundan sonra bütün fikri Premyer Liqadakı yerini qorumaq olacaq.
"Qartallar" 24 turdan sonra aktivindəki 45 xalla ikinci pillədə qərarlaşıb.
Zirəliləri eyni xala sahib "Araz Naxçıvan" və 42 xalla "Turan Tovuz" izləyir. Gördüyünüz kimi, arada elə də ciddi xal fərqi yoxdur.
Deməli, burada da təhlükə qapıdadır. Medalçılar sırasında yer almamaq qorxusu var.
Qarşıdakı 12 turun hər biri finala bərabər olacaq.
İlk final isə bu həftə Tovuzda gerçəkləşəcək.
Rəşad Sadıqovun kollektivi mövsümdə üçüncü dəfə Kurban Berdiyevin "Turan Tovuz"una qarşı meydana çıxacaq.
İlk 2 qarşıdurma türkmənistanlı mütəxəssis üçün uğurlu sonluqla bitib. Zirədə keçirilən görüş qolsuz bərabərliklə başa çatmışdı. Bölgə klubunun səfərdə oynadığını nəzərə alsaq, nəticəni qələbəyə bərabər heç-heçə kimi qiymətləndirmək olar.
Tovuzdakı qarşılaşamda isə birbaş üstün tərəf Sadıqovun yetirmələri olmuşdu. Xüsusilə oyunun birinci hissəsində "Zirə" real qol şanslarını sağa-sola xərcləməklə yadda qalmışdı.
Meydan sahibləri isə 1 xalı bayram etməyə hazırlaşdığı anda - matçın 89-cu dəqiqəsində vurduğu qolla 3 xala sevinən tərəf olmuşdu.
Sadıqov təcrübəli həmkarını məğlub etmək üçün üçüncü cəhdini edəcək.
Atalar da elə üçdən deyib. Qalır bakılıların çətin səfərdə bunu həqiqətə çevirməsi.
Azarkeş amili qonaqların leyhinə işləyən əsas məqamdır.
Amma qışdan sonrakı nəticələrə baxası olsaq, "Zirə" şanslı tərəf kimi görünür.
Komanda meydana çıxdığı 6 görüşdə 5 qələbəyə sevinib. Göstərilən oyunda inkişaf aydın sezilir. Stabillik yaxalanıb.
"Turan"la bağlı isə sabitlikdən danışmaq yersizdir. "Qarabağ" və "Araz-Naxçıvan"la görüşlərdə 3 xala sevinən region klubu tarixi derbidə "Kəpəz"ə 2:5 hesabla məğlub olub. "Səbail"lə görüşdə 1 xal sevinib.
Göstərilən məzmunsuz futboldan yerli publika da məmnun deyil. Bir çox oyunlarda şans hesabına əldə olunan qələbələr mümkün təzyiqin önünə sipər çəkib.
XANOĞLAN İMANOV