.jpg)
"Kəpəz" ardıcıl 3-cü görüşdə də "Neftçi"yə məğlub oldu.
Ölkə kubokunun ¼ final mərhələsinin cavab matçına təsadüf edən sonuncu yenilgi həm də bu turnirdə mübarizəni başa vurmaqla nəticələndi.
5 mart tarixində “Kəpəz” və “Neftçi” bu dəfə Premyer Liqa görüşündə üz-üzə gələcək.
Görəsən, uğursuz gedişata son qoymaq bu dəfə mümkün olacaqmı?
Qərb təmsilçisi sonuncu dəfə "ağ qaralar"ı məğlub edəndə (4:3) Roman Qriqorçuk baş məşqçi postundan istefa verməli olmuşdu.
Deyəsən, buna görə hələ çox peşman olacaqlar.
Düzdü, həmin qələbə sayəsində bölgə klubu mövsümdə ilk dəfə 3 xala sevinmişdi.
Amma Ukraynalını əvəzləyən Samir Abasov qərb təmsilçisinə heç bir şans tanımır.
Onun gəlişindən sonra arxada qalan 3 dueldə “Kəpəz” üçün nəinki xal qazanmaq, hətta qol vurmaq da problemə çevrilib.
“Ağ qaralar”dan 5 qol buraxan gəncəlilər bunun cavabını yalnız 1 qolla verə bilib.
Ümumiyyətlə, Samir Abasovun komandaları Azər Bağırov üçün tərs rəqibdir.
Hələ ötən mövsüm “Araz Naxçıvan”ın baş məşqçisi kimi Abasovun sükanı arxasında olduğu “Sumqayıt”la 4 dəfə üz-üzə gəlsə də qələbə qazanmaq mümkün olmamışdı.
2 görüş bərabərliklə bitmişdisə, digər iki görüşdə “kimyaçılar” 3 xala sevinmişdi.
Şəxsi oyunlardakı statistika Bağırov üçün xoş sonluq vəd etmir.
Digər tərəfdən “Neftçi”nin son oyunlardakı uğurlu çıxışını da unutmaq olmaz. Bakılılar son 6 oyunda 5 qələbəyə sevinib.
Amma bu da tam bədbinliyə qapılmaq üçün əsas ola bilməz. Əminliklə demək olar ki, Tovuzda çox ağır oyun bizi gözləyir.
Əvvəla, meydan sahibləri liqada qalmaq uğurundə gərgin mübarizədə iştirakçıdır. Belədə 1 xalın belə əhəmiyyəti böyükdür. Kubokda mübarizəni dayandırmaqla ciddi nəsə itirmiş deyillər, amma çempionatda hər oyun ölüm-qalım matçı kimidir. Motivasiya, yanaşma, tam fərqli olacaq.
Əbəs deyil ki, “Kəpəz” ölkə kubokundan fərqli olaraq, çempionatda qışdan sonra ev oyunlarını keçirdiyi qonşu rayonda rəqib tanımır. “Şamaxı” ilə bərabərlik (1:1) qeydə alınıb, iddialı “Sabah” xalsız yola salınıb – 3:2. “Turan” isə elə öz meydanında darmadağın edilib – 5:2.
Sıradan nəticələr deyil. "Neftçi"nin ciddi düşünməli olduğu məqamlardır.
Bu dəfə ya Bağırovun Abasovla davam edən tilsimi qırılacaq, ya da qonaqlar “Kəpəz”in Tovuzdakı uğurlu seriyasına nöqtə qoyacaq.
XANOĞLAN İMANOV