.jpg)
"Araz Naxçıvan" özünə bənzəmir. Komanda Premyer Liqanın son 4 turunda nəinki qələbə qazana bilmir, hətta qol vurmaqda belə çətinlik yaşayır.
3 görüşdə qolsuz bərabərlik qeydə alınıbsa, 1 oyunda Elmar Baxşıyevin kollektivi məğlub olub.
Görəsən, uğursuz tendensiyanın səbəbi nədir?
Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Azər Məmmədov sualımıza belə cavab verib:
"Arxada qalan 24 tura baxası olsaq, "Araz Naxçıvan"ın uğurlu çıxış etdiyini deyə bilərik. Turnir cədvəlində ikinci pillədə yer almaq da bunun göstəricisidir.
Düşünürəm ki, Elmar Baxşıyev ötən yay düzgün transfer siyasəti apara ɓildi. Özünün tanıdığı adları komandaya cəlb etdi. Azərbaycan futboluna bələd olmaları onların adaptasiya prosesini asanlaşdırdı. Uğurun kökündə dayanan əsas səbəblərdən biri budur.
Düzdü, son 4 turda nəticələr yaxşı deyil. Amma futbolda belə hallar olur. Bəzən hansısa periodda axsama yaşanır. Kollektiv stabillikdən kənara çıxıb. Ramon Maçadonun zədə səbəbindən kömək edə bilməməsi də öz təsirini göstərir.
Sadəcə uğursuz gedişat çox həssas dönəmə təsadüf etdi. Çünki mövsümün sonu yaxınlaşır. "Zirə" və "Turan" komandası "Araz"la xal fərqini azalda bilib.
Məncə, komanda düşdüyü vəziyyətdən çıxa biləcək. İkinci sırada qalmaq üçün mübarizə sona kimi davam edəcək".
XANOĞLAN