
“AFFA İcraiyyə Komitəsinin rezonans doğuran qərarları legioner limiti və Premyer Liqada klub sayı ilə bağlıdır“.
Bu sözlər “Sportinfo TV“nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
O bildirib ki, komitənin iclasında AFFA-nın 2025-ci il üçün büdcəsi və 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub:
“AFFA aramsız tənqid və iradları nəzərə alıb, nəhayət, Premyer Liqada klub sayının 10-dan 12-yə qaldırılmasına qərar verdi.
Təqdirəlayiqdir. Legioner limitinə gəlincə, ilk dəfə belə qərar 2008/2009 və 2009/10-cu illər mövsümlərinə şamil olunub.
15 ildən sonra yenidən limit ləğv edildi. Yəni, meydanda eyni anda 11 xarici oyunçu ola bilər.
Amma bu o demək deyil ki, klublar ucdantutma bütün heyəti legionerlərdən quracaq. Əvvəla, sifariş ərizəsində maksimum 17 xarici pasportlu oyunçu ola bilər.
Rüsumlar da artırılıb. Legioner gətirmək istəyirsənsə, əlin cibində olsun.
Heyətində 7 legioner olan klub hər birinə görə 5 min, xaricilərin sayı 8-dən çox olarsa, hərəsinə görə 10 min, 13-15 arası olarsa, hər birinə görə 100 min, 16 və 17-cı legionerlərə görə isə hərəsi üçün 200 min manat rüsum AFFA-ya ödəniləcək.
Təbii ki, bu böyüklükdə rüsumu ödəmək hər kluba sərf etməyəcək və onlar əsas heyətdə müəyyən sayda yerli oyunçuılara şans verməli olacaq”.