Kurban Berdiyevin başağrısına çevrilən azərbaycanlı - O, bu dəfə nə edəcək?

09:25 Premyerliqa 339
Kurban Berdiyevin başağrısına çevrilən azərbaycanlı - O, bu dəfə nə edəcək?

Premyer Liqada 24-cü turun maraqlı görüşlərindən biri Şamaxıda baş tutacaq.

Yerli komanda bu gün "Turan Tovuz"u qonaq edəcək.

İlk baxışdan bu kollektivlərin üz-üzə gəlməsi cəlbedici səslənməyə bilər.

Büdcələri, heyətləri arasında uçurum var.

Tovuz təmsilçisi avrokuboklara getmək uğurunda mübarizə aparırsa, "Şamaxı"nın ən ümdə məqsədi elitada yerini qorumaqdır.

Bəs intriqa yaradan, matça gərginlik qatan səbəb nədir?

Təbii ki, Ayxan Abbasov amili.

Ötən yay "Turan Tovuz"un baş məşqçi postundan sürpriz şəkildə ayrılmalı olan təcrübəli mütəxəssis bu gün "şirlər"in sükanı arxasındadır.

Qısa müddətdə və məhdud büdcə ilə yaratdığı komanda rəqibləri üçün başağrısına çevrilə bilib.

Onun əlindən əziyyət çəkən komandalardan biri də məhz qərb təmsilçisidir.

Mövsümün arxada qalan bölümündə Abbasov sabiq komandası ilə iki dəfə qarşılaşıb.

Hər ikisində yaxşı çıxış edən tərəf olsa da qələbə məqsədinə nail ola bilməyib.

Birinci dövrəyə təsadüf edən ilk duel Şamaxıda baş tutmuşdu.

Kurban Berdiyevin yetirmələri yalnız son saniyələrdə penaltidən vurduğu qolla məğlubiyyətdən xilas ola bilmişdi - 2:2.

Tovuzdakı matç daha dramatik keçmişdi.

"Şamaxı" oyun ərzində iki dəfə hesabda önə keçsə də üstünlüyünü sona kimi qoruya bilməmişdi.

94-cü dəqiqədə Roderik Millerin vurduğu qol qonaqların meydandan xalsız ayrılmasını rəsmiləşdirmişdi.

Qısası, türkmənistanlı 2 dəfə azərbaycanlı həmkarına məğlub olmaqdan son saniyələrdə qurtula bilib.

Atalar üçdən deyib.

Görəsən, bu dəfə tilsimi qırmaq şamaxılılara müəssər olacaqmı?

90 dəqiqənin sonunda bu suala cavab tapa biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”