
Ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bir çox sahələrə mənfi təsirini göstərib.
Bu mənada Azərbaycan Premyer Liqasının aqibəti ilə bağlı məsələ sual doğurur.
Bildiyiniz kimi, 21-23 fevral aralığında 24-cü turun oyunları keçiriləcək. Xüsusən bu axşam baş tutmalı olan “Neftçi” – “Sumqayıt” görüşünün baş tutub-tutmayacağı futbol ictimaiyyətinin marağına səbəb olub.
Yarışın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev məsələ ilə bağlı Sportinfo.az-a danışıb:
“Turun oyunlarının keçiriləcəyi bütün stadionlar diqqət mərkəzindədir. İlk növbədə təbii ki, bu gün "Neftçi" - "Sumqayıt" oyununun baş tutacağı "Neftçi Arena"ya xüsusi diqqət yönəldilib.
Ot örtüyünə düşmüş qarın hündürlüyü çox deyil. Yalnız cüzi buzlama var və yumşalması gözlənilir.
Ardından texnikalar işə düşəcək və oyuna qədər hər şeyin qaydasında olmasına, hazır vəziyyətə gətirilməsinə çalışılacaq.
Bütün klublara qırmızı toplar da təqdim olunub. Hər bir komanda diqqət mərkəzindədir. Hər hansı müraciət olan kimi operativ şəkildə dəstək veririk.
Şamaxıda yağan qarın hündürlüyü daha çoxdur. Amma bunu təxmin etdiyimizdən daha öncədən AFFA və klubla koordinasiyalı şəkildə çalışmışıq, texnikanın sayı artırılıb.
Bu dəqiqə işlərimiz hər hansı problemin olmaması yönündə sürətli şəkildə davam edir. Fors major hal olarsa, təbii ki, ictimaiyyətə məlumat veriləcək”.
HƏBİB