
Dünən SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Burada Premyer Liqada 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib.
Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 iştirakçı birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın.
Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
“Sportinfo TV“nin aparıcı eksperti Elçin Cəfərov İK-nin bu qərarlarına münasibət bildirib.
Tanınmış jurnalist yeni mövsümün formatına dair yekun qərarını dəyərləndirib. AFFA-nın yeni rəhbərliyinin hazırki fəaliyyəti ilə bağlı maraqlı şərhlərlə diqqət çəkib:
“AFFA çox vacib qərar qəbul etdi. Tam ədalətli qərardır. Bölgələrin Premyer Liqada təmsil edilməsi möhtəşəm hadisədir.
Amma maddi-texniki baza əsas şərt olmalıdır, yoxsa siçovullu stadionlar Premyer Liqaya yaraşmaz.
Bu gün Birinci Liqada məhz belə klublar o cür şəraitdə futbol oynayır. Ədalətli qərarların və seçimlərin qəbuluna heç cür şübhə yoxdur”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN