“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim”

18 Fevral 01:20 Premyerliqa 420
“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqada klub sayının artırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “CBC Sport”un “90 dəqiqə” verilişində danışarkən bunları söyləyib:

“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim. Bunun da öz səbəbləri var.

Çempionatımız indi-indi oturuşmuşdu. Artıq iki ildir ki, çox güclü rəqabət gedir çempionatımızda.

Avrokuboklarda biz bunu hiss edirik. Biz “Zirə” olaraq keçən il o rəqabətli çempionatdan çıxmasaydıq, avrokubokda mübarizə apara bilməzdik.

İki il qabaqki “Zirə” ilə, bu il yaydakı “Zirə” arasında fərq var idi. Onun səbəbi çempionatın rəqabəti idi.

Mən fikirləşirəm ki, ilk növbədə klubların stadionları, infrastrukturuna əl gəzdirilməlidir. “Neftçi”də, “Sabah”da, “Qarabağ”da, “Sumqayıt”da bu yaxşı səviyyədədir.

Bu gün bizim 4 komandamız süni ot örtüyündə oynayır və süni ot örtüklərinin vəziyyəti bərbad vəziyyətdədir. Mən bunu hansısa klublarımızı tənqid etmək niyyəti ilə danışmıram.

Tutaq ki, bu gün “Turan Tovuz”un rəhbəri mənəm və yaxud məşqçisi mənəm, fərqi yoxdur. Onlar da bizim doğmalarımızdır.

Dünənki futbol, “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında baş tutan oyun əgər Tofiq Bəhramov adına respublika stadionunda, “Neftçi Arena”da, “Dalğa Arena”da olsaydı, tam fərqli futbolun şahidi olacağdıq.

Sürətli, texnikalı, daha maraqlı futbolun şahidi olacağdıq. Amma dünən meydança hər iki tərəfə imkan vermirdi ki, texnikalı futbol nümayiş etdirilsin.

Bu gün biz o problemi “Səbail”in stadionunda, “Şamaxı”nın stadionunda da yaşayırıq. Bir tərəfdən stadionlarla bağlı məsələ, digər tərəfdən oyun sayı oturmuşdu.

İndi 12 komandalı çempionat necə olacaq? 3 dövrəli olsa, oyun sayı azalacaq, pley-off variantı da o qədər effekt verməyəcək, xüsusilə ikinci altılıqda effektli olmayacaq.

Narahatam ki, çempionatın effekti aşağı düşər. Təbii olaraq, ən sevindirici atılan addımlardan biri komanda sayının artırılmasıdır. Amma dediyim məsələlər var”.

Digər Xəbərlər
Xəbər Lenti