![Azərbaycan futbolu ilə bağlı daha bir ZƏRƏRLİ TƏKLİF](https://www.sportinfo.az/media/2022/08/15/qebele-samaxi.jpg)
Yeni mövsüm Azərbaycan Premyer Liqasında 12 komandanın olacağı AFFA İcraiyyə Komitəsinin son iclasında təsdiqləndi.
Amma hələ də məlum deyil ki, digər iki kollektiv hansı şərtlərlə Premyer Liqaya buraxılacaq.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport" kanalına açıqlamasında müxtəlif variantlar üzərində işlədiyini bildirib.
Federasiya rəsmisi təkliflər arasında elitanın sonuncusu ilə Birinci Liqada üçüncü pilləni tutacaq komanda arasında pley-off matçlarının keçirilməsi variant olduğunu dilə gətirib.
Çox zərərli təklifdir. Təəssüf ki, Qurban Qurbanov da mətbuata açıqlamasında fikri dəstəkləyib.
Uzun illər ölkə futbolunda reqlament formal xarakter daşıyıb.
Yalnız son 2 mövsümdə buna əməl edilir.
Müsbət nəticələri ortadadır. Bütün liqalarda rəqabət artıb.
Qışdan sonra heç kim əlini qulağının dibinə qoyub, yuxuya getmir.
Son tura kimi gərginlik davam edir. Heç bir klub olduğu liqanı asanlıqla tərk etmək istəmir.
Elə götürək hazırda davam edən mövsümü. Autsayderlər arasındakı rəqabət liderlər qrupundakı mübarizədən geri qalmır.
"Kəpəz", "Səbail", "Şamaxı" kimi iddiası liqada qalmaq olan kollektivlər hər xal uğurunda amansız mübarizə aparır.
Bir sözlə, reqlament liqaların canıdır. Ona toxunmaq olmaz.
"Şamaxı", "Qəbələ" Premyer Liqanı tərk etdiyi kimi, digərləri də buna hazır olmalıdır.
Məluma məsələdir ki, yüksək liqa təmsilçiləri önündə aşağı liqa klublarının şansı yoxa bərabərdir.
Belədə sonuncu olmaq o qədər də təhlükəli görünməyəcək.
Bu isə liqanın dinamikasına, mübarizə ruhuna birbaşa təsir edəcək.
Ümid edək ki, yekunda bu təklif qəbul olunmayacaq.
XANOĞLAN İMANOV