COP29

"Qarabağ"ı məğlub etmək üçün bundan yaxşı FÜRSƏT?

16:05 Premyerliqa 266
"Qarabağ"ı məğlub etmək üçün bundan yaxşı FÜRSƏT?

Premyer Liqanın 21-ci turunun son matçında "Zirə" "Qarabağ"ı qonaq edəcək.

İlk baxışdan aşkar favorit "köhlən atlar" sayıla bilər.

Amma detallara varası olsaq, "qartallar"ın müsbət nəticə əldə etmək şansının az olmadığını görərik.

MEYDAN AMİLİ

"Zirə" rəqibini evdə qəbul edir. Digər qarşılaşmalarda tribunalar boş olsa da, "Qarabağ"la matçlarda bunun əksini görürük. Hansısa ciddi azarkeş dəstəyindən danışmaq yersizdir. Amma istənilən halda doğma meydan amili birincilərin tərəfindədir.

UĞURLU SERİYA

"Qartallar" qışdan sonrakı hər iki matçda qələbəyə sevinib. Ümumilikdə isə 6 matçdı (5 qələbə, 1 bərabərlik) məğlubiyyət nə olduğunu bilmir.

Ağdamlılarla şəxsi görüşlərdə də vəziyyət ürəkaçandır. Tərəflərin son 4 görüşündə "Qarabağ"ın yalnız 1 qələbəsi var. Matçlardan 2-si bərabərliklə bitibsə, digərində "Zirə" 3 xala sevinib.

PSİXOLOJİ DURUM

Burada da vəziyyət Rəşad Sadıqovun yetirmələrinin xeyrinədir. Belə ki, Ağdam təmsilçisi rəqibindən fərqli olaraq qış fasiləsindən sonra keçirdiyi 4 matçda yalnız bir qələbəyə sevinib. Avrokuboklarla vidalaşmaq da düşərgədə neqativ ab-hava yaratdığı aşkar faktdır. Bundan əlavə 3 gün əvvəl yorucu Yunanıstan səfərindən qayıtması da Qurbanovun kollektivi üçün zərərli ola bilər.

TURUN TƏLƏBİ

21-ci turun nəticələri də "Zirə"nin xeyrinədir. Avrokuboklar yolunda əsas rəqiblərindən "Sabah" məğlub olubsa, "Araz Naxçıvan" və "Turan Tovuz" 1 xala sevinib. Belədə əldə olunacaq qələbə ikinci pillədə qərarlaşan "Araz"la aradakı xal fərqini 4-ə endirəcəksə, ən yaxın izləyici - "TuranTovuz"dan 3 xal önə çıxmağa yol açacaq.

Qısası, bu günün reallığı hər mənada "Zirə"nin xeyrinədir. Qələbə üçün bundan əla imkan? Fürsət qapıya qədər gəlib. Qalır onu meydanda dəyərləndirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti