Azər Bağırovun "Kəpəz"i qışdan sonra fırtına kimi başlayıb.
3 oyunda bölgə klubu aktivinə qızıl dəyərində 6 xal yazdıra bilib.
"Səbail"ə məğlubiyyət hər nə qədər gözlənilməz olsa da, qələbələr ondan çox diqqət çəkir.
Yerli mütəxəssis qısa müddətdə Premyer Liqanın 2 əcnəbi mütəxəssisinə sözün həqiqi mənasında dərs keçdi.
Qərb derbisində əzəli rəqibə 5 qol vurmaq hünər istər. Özü də Kurban Berdiyevin çalışdırdığı komandaya qarşı oyunda hesabda geri düşüb, vəziyyəti dəyişmək cəsarət tələb edir.
Azərbaycanlı çalışdırıcı eyni cəsarəti türkmənistanlı ilə bərabər rusiyalı həmkarına qarşı da ortaya qoya bildi.
"Kəpəz" bu dəfə futbol çərçivəsində müqayisə edəcəyimiz bütün kriteriyalarda uduzduğu "Sabah" önündə hesabda 2 dəfə geri düşsə də geri dönməyin yolunu tapa bildi.
Berdiyevlə duellərdə məğlub olmayan yeganə məşqçi adı Elmar Baxşıyevə məxsusdur.
Berezutskiyə isə daha əvvəl Ayxan Abbasov məğlubiyyət acısı yaşadıb.
Amma hər iki əcnəbini məyus edən yeganə yerli mütəxəssis hələ ki, Azər Bağırovdur.
Nə qədər qəribə səslənsə də hazırda bu siyahıda ölkənin ən yaxşı yerli çalışdırıcısı Qurban Qurbanovun adı yoxdur.
XANOĞLAN İMANOV