Klub futbolumuzda uğur üçün lazım olan hər şey var - Bəs maneə nədir?

17:00 Premyerliqa 202
Klub futbolumuzda uğur üçün lazım olan hər şey var - Bəs maneə nədir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü il üçün liqaların reytinq cədvəlini açıqlayıb.

İtaliya A Seriyası tarixdə 13-cü dəfə ən güclü liqa seçilib, İspaniya La Liqası ikinci, Premyer Liqa isə üçüncü olub.

Təbii ki, bizim üçün maraqlı olanı öz liqamızdır.

İlk başdan deyək ki, mənzərə ürəkaçandır.

Belə ki, Azərbaycan Premyer Liqası siyahıda 36-cı olub. Ölkə çempionatımız postsovet məkanında hamını qabaqlayır.

Keçmiş SSRİ respublikaları arasında Ukrayna çempionatı 38-ci, Belarus 59-cu yeri tutub. Rusiya 73, Moldova 85, Qazaxıstan 86, Özbəkistan 96 , Türkmənistan isə 98-ci yerdədir.

Əslində bununla növbəti dəfə təsdiqlənmiş olub ki, klub futbolu ilə bağlı problemimiz dərin deyil.

Normal çempionatımız, böyük pullarımız, səviyyəli əcnəbilər və onlarla vəhdətdə o qədər də geri qalmayan az sayda yerli arsenalımız var. Bura bacarıqlı yerli mütəxəssislərin varlığını da mütləq əlavə etmək lazımdır.

"Neftçi" 1, "Qəbələ" 2 dəfə avrokuboklarda qrup sevinci yaşayıb. "Qarabağ" isə 10 ildən artıqdır bu təcrübəni yaşayır. "Zirə" və "Bakı" pley-off həyəcanı yaşayıb.

Deməli, biləcəridən o tərəfdə uğur qazanmaq üçün daxili arenada münbit şərait var.

Qalır düzgün idarəçilik.

Bu gün Azərbaycanın klub futbolunda ən böyük problem budur.

Yanlış məşqçi seçimləri, tez-tez heyət dəyişiklərinə getmək, sabitliyin olmaması, uğursuz planlama və.s.

Bəli, milli səviyyədə uğur qazanmağımız üçün illər lazımdır. Akademiyalar qurmaq, futbolçu yetişdirmək zaman alacaq.

Lakin klub futbolunda indiki şərtlərlə də davamlı qruplara qalmaq, ölkəni layiqincə təmsil etmək olar.

Yetər ki, klub rəhbərlərimiz bacarıqlı olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti