Premyer Liqanın 2024/2025 mövsümünün 1-ci yarısında 98 futbolçu rəqib qapısına yol tapıb.
Sportinfo.az xəbər verir ki, idman.biz ilk 18 turda vurulan qolların və zərbələrin statistikasını nəzərdən keçirib.
18 turda 10 komandanın 98 futbolçusu rəqib qapısına yol tapıb.
Bombardirlər siyahısına 8 qolla Coy-Lens Mikels (“Sabah”) və Felipe Santos (“Araz Naxçıvan”) başçılıq edirlər. Leandro Andrade (“Qarabağ”) və David Volkov (“Zirə”) 7 qol müəllifidirlər. Cessi Sekidikanın (“Sabah”) 6 qolu var.
Yerli futbolçulardan ən məhsuldarı 5 qollu Toral Bayramovdur (“Qarabağ”). Nəriman Axundzadə (“Qarabağ”) və Orxan Əliyevin (“Kəpəz”) 4 qolu var.
Qol ötürmələrini ən çox Boyan Leyiç (“Sabah”) verib – 6. Leandro Andradenin (“Qarabağ”) 5, Davit Volkov (“Zirə”), Nəriman Axundzadə (“Qarabağ”), Ramon (“Araz-Naxçıvan”) və Ayman Boualinin (“Səbail”) 4 məhsuldar ötürməsi var.
Qol+ötürmədə lider Leandro Andradedir (“Qarabağ”) – 12 (7+5). Davit Volkov (“Zirə”) 11 (7+4), Coy-Lens Mikels (“Sabah”) 10 (8+2), Felipe Santos (“Araz Naxçıvan”) 10 (8+1) göstəriciyə malikdirlər.
Qapıya hamıdan çox Coy-Lens Mikels (“Sabah”) zərbə endirib – 54. Leroy-Mikelsin (“Şamaxı”) 49, Ramonun 38 (“Araz-Naxçıvan”), Cessi Sekidikanın (“Sabah”) 38 zərbəsi var. Yerli futbolçulardan ən çox zərbə endirən Toral Bayramovdur (“Qarabağ”) – 32.
20 və daha çox zərbə endirənlər sırasında qolların zərbələrə nisbəti ən yüksək Felipe Santosdadır. “Araz-Naxçıvan”ın futbolçusu 29 zərbəsinin 27,59 faizini – yəni 8-ni qola çevirib. Bu göstərici Leadro Andradedə (“Qarabağ”) 25,93 (27 zərbə, 7 qol), Davit Volkovda (“Zirə”) 20,59 faizdir (34 zərbə, 7 qol).
Topu qapı çərçivəsinə ən çox göndərən Davit Volkovdur (“Zirə”) – 22 (34 zərbədən). Coy-Lens Mikels (“Sabah”) 21 (54-dən), Leroy-Mikels (“Şamaxı”) 19 (49-dan) zərbəsini qapı çərçivəsinə göndərib.
Zərbələri qapı çərçivəsini ən çox tapmayan futbolçular Coy-Lens Mikels (“Sabah”, 33) və Leroy-Mikelsdir (“Şamaxı”, 30).