Azərbaycan futbolunda daha bir ili arxada qoyduq.
Yaxşı mənada ağızdolusu danışa biləcəyimiz uğurlar yenə "Qarabağ"ın adı ilə bağlıdır.
Bir də "Zirə"nin Konfrans Liqasının pley-off mərhələsində iştirakını adam içinə çıxarmaq olar.
Nə milli komandalar, nə də digər klublarımız üzümüzü ağarda bilmədi.
Fərdi danışası olsaq, bəzi yerli və əcnəbi futbolçuların da diqqət çəkən çıxışı oldu.
Amma bu dəfə sizə 2024-ü heç də xoş xatirələrlə yad etməyəcəklərdən danışacağıq.
Təbii ki, söhbət konkret futbol həyatından gedirsə, alınan ciddi zədələrdən danışmasaq olmaz.
Düzdü, Premyer Liqa klublarının çox sayda futbolçusu il ərzində zədə alıb. Amma bizə daha ağır xəsarət alanları sizə təqdim edirik:
Şahrudin Məhəmmədəliyev - O, avqustun 2-də "Araz-Naxçıvan"la birinci tura təsadüf edən görüşdə (4:1) 90 dəqiqə meydanda olub. Lakin növbəti oyun həftəsində zədələnən qolkiper 4 ay yaşıl meydanlara həsrət qaldı.
Yayda Türkiyənin “Adana Demirspor” klubundan ayrıldıqdan sonra “Qarabağ”a qayıdan təcrübəli futbolçu yalnız 4 aydan sonra Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə görüşdə meydana qayıda bildi.
Denis Marandiçi - Moldova millisinin üzvü 5 dekbar Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda ağır zədə aldı. Pavol Safranko ilə mübarizədə onun ayağı bir neçə yerdən sındı. "25 nömrə" üçün mövsümün erkən başa çatdığını demək olar.
Karlos Jatoba - Yayda böyük ümidlərlə "Araz-Naxçıvan"a transfer olunan braziliyalı birinci turun "Qarabağ"la matçında 90 dəqiqə meydanda oldu. Məşqdə ağır zədə alan orta sahə oyunçusu mövsümün birinci yarısını erkən başa vurmalı oldu. 29 yaşlı futbolçu 5 aydı yaşıl meydanlara həsrətdir.
Filip Paxtman - "Zirə"nin forvardı 2024-cü ili sözün həqiqi mənasında boşa verib. Ölkəmizə gəldiyi gündən başı zədələrə qarışan braziliyalı 2024-cü ilin 12 ayı ərzində 1 dəqiqə belə meydanda olmayıb. Ən qəribəsi isə odur ki, 24 yaşlı legioner bu mövsüm üçün heç sifariş edilməyib. Hazırda ölkəmizdə, yoxsa vətənində olması da müəmma olaraq qalır.
Vinset till - "Sabah"ın legioneri 2024-cü ilinin fevral ayında "Qarabağ"a qarşı matçda aldığı zədənin miqyası böyük oldu. Lüksemburq millisinin üzvü bu səbəbdən 8 ay sevimli peşəsindən uzaq düşdü.
İsa Suliman - "Sumqayıt"ın müdafiəçisi yay toplanışının son günündə aldığı xəsarətdən hələ də əziyyət çəkir. Pakistan millisinin üzvü ən yaxşı halda mövsümün sonuncu dövrəsinə yetişə bilər.
Ayman Bouali - "Səbail"in forvardı mövsümə yaxşı start vermişdi. Meydana çıxdığı 10 matçda aktivinə 2 qol, 4 məhsuldar ötürmə yazdıra bilmişdi.
Amma noyabrın əvvəlində aldığı zədə onu yaşıl meydanlardan uzaq saldı. 2024-ün son iki ayı boşa getdi. 2025-in hansı ayında geri qayıdacağı isə sual olaraq qalır.
XANOĞLAN İMANOV