“Azərbaycan çempionatında qış fasiləsi öncəsi son tur maraqlı hadisələrlə zəngin oldu. Fikrimcə, ikinci dövrə üçün darıxacağıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Premyer Liqada mövsümün ilk hissəsini şərh edərkən deyib.
O bildirib ki, son turda qeydə alınan bəzi nəticələr gözlənilməz oldu:
“Sabah”ın səfərdə “Şamaxı”ya uduzması, “Neftçi”nin Tovuzdan bir xalla dönməsi futbol azarkeşləri üçün sensasiya idi. “Qarabağ” isə hər kəsin gözlədiyi kimi fasiləyə qış çempionu olaraq yollandı”.
Mütəxəssis "Neftçi”nin mövsümün ilk yarısındakı çıxışının məyusedici olduğunu söyləyib:
“Bu klubun azarkeşləri fərqli ssenari gözləyirdilər. Təəssüf ki, işlər istənilən kimi getmədi. Əvəzində isə “Şamaxı” və “Araz-Naxçıvan” kimi kollektivlər öz çıxışı ilə futbol azarkeşlərini sevindirdi.
Hər iki komanda çempionatın aşkar favoriti “Qarabağ”a qarşı layiqli mübarizə apardı. Ayxan Abbasov və Elmar Baxşıyev döyüşkən heyət qurub.
“Zirə” qış fasiləsinə stabil oyunla yollandı. “Sabah”da qeyri-sabitlik görünür. Komanda bəzən gözlənilməz xal itkiləri ilə üzləşir.
Lakin düşünürəm ki, mövsümün ikinci yarısında komandalar arasında avrokuboklara vəsiqə uğrunda amansız mübarizə gedəcək”.
Veteran futbolçunun sözlərinə görə, “Səbail” və “Kəpəz” qış fasiləsində heyətlərini gücləndirə bilsələr, uğurlu nəticələr əldə edəcəklər:
“Həyata keçiriləcək transferlərdən çox şey asılıdır. Bu iki komanda heyətə güclü oyunçular cəlb etsə, qışdan sonra mübariz oyun nümayiş etdirə bilərlər.
Gənc mütəxəssis Vaqif Cavadovun da “Sumqayıt”dakı işini müsbət qiymətləndirirəm. O, oyunçularda hər matçda qələbə qazanmaq hiss yaradıb”.
Mövsümün ilk hissəsindən sonra “Qarabağ” 44 xalla turnir cədvəlinə başçılıq edir. Ölkə çempionatının ikinci yarısına yanvarın 19-da start veriləcək.