"Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan yığmasının keçmiş qap"ıçısı Cahangir Həsənzadə Premyer Liqanın qış fasiləsinə qədər olan hissəsini dəyərləndirərkən deyib.
O, "Araz-Naxçıvan"ın iddialılar sırasına qoşulduğunu söyləyib:
“Mövsümün başlanğıcı ilə sonrakı gedişatı bir qədər fərqli oldu. “Araz-Naxçıvan” çempionata ürəkaçan şəkildə başlamadı. Hətta xoşagəlməz məsələlər ortaya çıxdı. Buna baxmayaraq, Elmar Baxşıyev komandanı toparlaya bildi. Hazırda idialılar sırasındadırlar və avrokuboklara ən real namizədlərdən sayılırlar”.
C.Həsənzadə sabiq komandası “Qarabağ”dan başqa rəqabətədavamlı ikinci klub olmadığını bildirib:
“Qarabağ”, sözsüz ki, çempionatın ən güclüsüdür. Bir neçə ildir belə davam edirlər. İki “cəbhə”də döyüşmələrinə baxmayaraq, nəticələri qənaətbəxşdir. Mövsümün ilk yarısını zirvədə başa vurmaq onlar üçün çətin olmadı. Oyunçu baxımından zaman-zaman sıxıntılar yaşayıblar. Fərqli heyətlərə üstünlük verirlər, rotasiyalar edirlər. Keyfiyyət baxımından çox “axsadıqlarını” düşünmürəm. Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur. Düzdür, bəzən qələbə qazana bilmirlər, amma bu sırf həmin günün nəticəsi ilə bağlıdır”.
O, “Turan Tovuz”u mövsümün sürpriz komandası adlandırıb:
“Mövsümün sürpriz komandası kimi “Turan Tovuz”u qeyd edə bilərik. Əslində sürpriz də demək olmaz. Çünki mövsümün əvvəlində rəhbərlik iddialı, avrokuboklar üçün oynayacaq komanda formalaşdıracaqlarını bildirmişdi. Bu məqsədlə Kurban Berdıyevi dəvət etdilər. Mövsümün başlanğıcında dediklərinin əksinə, heyətə o qədər çox yeni futbolçu cəlb edilməsə də, nəticə baxımından sabit çıxış etdilər. Oyunları ilə hazırkı - üçüncü pilləni də haqq ediblər. “Zirə”nin qeyri-sabit oyununu qeyd edə bilərəm. Nəticələrə baxmayaraq, iddialılar sırasındadırlar. Düşünürəm ki, fasilədən sonra daha yaxşı oynayacaqlar. Rəşad Sadıqov komandanın üzərində işləyib, lazımi addımlar atacaq”.
Hazırda AFFA-da texniki direktor kimi fəaliyyət göstərən mütəxəssis “Neftçi”nin durumuna da toxunub:
“Neftçi” ilə bağlı fikir söyləmək bir qədər çətindir. Kifayət qədər keyfiyyətli futbolçulara malikdirlər. Oyunçuların toparlanmasına nəsə mane olur. Öyrəşdiyimiz “Neftçi”ni təəssüf ki, görmürük. Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşmaları heç də ürəkaçan deyil. Samir Abasov yeni gəlib. Öz dəsti-xətti ilə komandanı düzəltməyə çalışacaq. Məncə, qış “transfer pəncərəsi”ndə kifayət qədər fəal olmalıdırlar. Bu fəallıq keyfiyyətli futbolçularla tamamlanacaqsa, məncə, mövsümün qalan hissəsində fərqli “Neftçi” görmək mümkün olacaq. Əks halda Samir müəllimin işi çətin olacaq”.
O, “Sabah”ın çıxışı haqqında düşüncələrini də bölüşüb:
“Sabah”da məşqçi dəyişikliyi həyata keçirildi. Çox güman, bunun səbəbi nəticələrin ürəkaçan olmamasıdır. Dəyişiklik ərəfəsində futbolçuların yanaşması da müxtəlif olur. Yeni məşqçi gələndə futbolçular zaman-zaman yaxşı oyun sərgiləyirlər. Yeni məşqçinin dəst-xəttini anlamaq üçün futbolçulara da vaxt lazımdır. Düşünürəm ki, Vasili Berezutski “Sabah”ı götürəndə nəyə qadir ola biləcəklərini, heyəti təhlil edib. Düzdür, ilk oyunlarda pozitiv nəticələrə nail oldu. Ötən tur isə “Şamaxı”ya uduzdular. Oyunçuların baş məşqçinin üslubuna öyrəşməsi üçün vaxt lazımdır. Hələ ki, Berezutski bütün futbolçuların potensialı ilə yaxından tanış olmağa çalışır. Qeyri-adi addımlar atdığını hələ ki, göstərmir. Ümumiyyətlə futbolda qısa zamanda böyük dəyişikliklər inandırıcı deyil”.
C.Həsənzadə mövsümün sonunda “Qarabağ”ın çempionluğunun daha çox gözlənilən olduğunu vurğulayıb:
“Çempionluq uğrunda mübarizədə “Araz-Naxçıvan”ın nəzəri cəhətdən şansı var. Mövsümün ikinci yarısında həyata keçiriləcək müsbət dəyişikliklərdən çox şey asılıdır. Amma məncə, “Qarabağ”ın çempionluğu daha gözləniləndir. Komandanın formalaşmış oyun üslubu var”.
Premyer Liqanın XIX turu 2025-ci il yanvarın 17-19-da baş tutacaq.