COP29

Zirədə vaxt itkisi...

19 Dekabr 23:00 Premyerliqa 190
Zirədə vaxt itkisi...

Bəzən hansısa hadisəni böyük həvəslə gözləyirsən.

Təbii ki, gözləntin böyük olur da ondan.

Amma məqam yetişir, hadisənin içində olursan və sonda "vaxt itkisindən başqa bir şey deyildi" - deyirsən.

"Zirə" - "Turan Tovuz" görüşünün sonu eynə belə bitdi.

Günlər öncədən gözləyirdik ki, bu qarşılaşma gəlib çatsın.

Maraqlı, dramatik matç izləmək, zövq almaq ümidilə.

Düzdü, bu klublardan baxımlı futbol gözləmək səhrada su axtarmağa bənzəyir.

Amma turnir cədvəlindəki mənzərə matçın gözləntisini artırırdı.

Meydanda formasını dəyişəni, başına sarğı vurulanı, autdan topu auta vuranı gördük, bircə futbol oynayanın görmədik.

Deyəsən, 22 futbolçu meydana yalnız qayda pozmaq və topu auta çıxarmaq üçün çıxmışdı.

"Zirə"nin David Volkovun sayəsində 1 qol fürsəti oldusa, qonaqlar Aydın Bayramovun qoruduğu qapıya yaxın belə düşə bilmədi.

Kimsə bu mübarizənin adını "taktiki savaş" qoya bilər.

Amma...

90 dəqiqə meydanda 1 düşünülmüş hücum görmədik. Qapıya doğru normal 1 zərbə vurulmadı.

Standart vəziyyətlərdə hansısa ev tapşırığına şahid olmadıq.

Startdan sona kimi yersiz top itkilərinə, mənasız qayda pozuntularına şahid olduq.

Top əksər vaxt havada olurdu. Dəri kürə kimə düşürdüsə, gözünü yumub hara gəldi uzaqlaşdırırdı. Bəs bunun adı nədir?

Meydandakı furbolçular ora-bura qaçmaqla başını qatdı.

Rəşad Sadıqovla Kurban Berdiyev isə yerində var-gəl etməklə 90 dəqiqəlik utanc futbolu yola verdi.

Bu, onların işidir. Ha elə, ha belə orada olmaq məcburiyyətindədirlər.

Yazıq tribunadan və ekran başından bu görüşə baxanların halına.

Əminəm ki, hər biri matçın sonunda "vaxt itkisindən başqa bir şey deyildi" frazasını mütləq özləri üçün dilə gətirmiş oldular.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 23:00 Zirədə vaxt itkisi...
19 Dekabr 18:50 Çək və bizə göndər!