COP29

Azərbaycanda derbini kim qazanacaq: pullu, yoxsa istəkli?

15:00 Premyerliqa 224
Azərbaycanda derbini kim qazanacaq: pullu, yoxsa istəkli?

Premyer Liqanın 11-ci turunda biri-birindən maraqlı oyunlar baştutacaq.

İmkanlıların mübarizəsində “Sabah”la “Neftçi” üz-üzə gələcəksə, elitada qalmaq uğrunda mübarizə aparan “Səbail”lə “Sumqayıt” qarşılaşacaq.

Tovuzda isə qərb derbisi gerçəkləşəcək.

“Turan Tovuz”la “Kəpəz”in bütün mənalarda imkanlarına və turnir cədvəlindəki mövqelərinə nəzər salsaq, bəlkə də derbi adına heç nə yoxdur.

Tovuzlular hər mənada zirvədədirsə, gəncəlilər bu gün onlara aşağıdan yuxarı baxır. Lakin şəraitdən, mövqedən və zamandan asılı olmayaraq bu komandaların müstəqillik dövründəki qarşılaşmasının adı derbidir.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin doğma meydanda və öz azarkeşlərinin gözləri qarşısında oynaması kifayət qədər ciddi üstünlükdür. Rəqiblər üçün Tovuzdakı süni örtüklü meydana alışmaq və tribunalardakı təzyiqə tab gətirmək həqiqətən çətindir. Lakin bu, “Kəpəz” üçün problem sayılmayacaq.

Əvvəla ona görə ki, Gəncədən kifayət qədər azarkeş gələcək və varlıqlarını hiss etdirəcəklər. Digər tərəfdən, “Kəpəz”in özü də ev oyunlarını həmin stadionda keçirir deyə, bir növ ab-havaya və “sintetika”ya öyrəncəlidirlər.

“Sarı-göylər”in turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması heç kimi aldatmasın. Bu komanda əzəli rəqibi “Neftçi”ylə oyunda bəlkə də cari mövsümün ən gözlənilməz sürpriz nəticəsinə imza atmağı bacardı.

“Kəpəz”in bakılıların qapısından 4 top keçirəcəyi ən fantaziyalı gəncəli azarkeşin də ağlına gəlməyəcəyi halda, futbolçular arzunu reallığa çevirməklə təəccübləndirdi. Ortada prinsipiallıq olanda nəsə edə bilirlər.

Ötən mövsüm “Araz-Naxçıvan”dakı işi ilə diqqətləri üzərinə çəkməyi bacarmış Azər Bağırov 40 illik məşqçilik karyerasına sahib Kurban Berdıyevlə taktiki mübarizədə gücünü göstərməyə çalışacaq.

Bağırovla həmyaşıd olan Ayxan Abbasovla Elmar Baxşıyev rusiyalı çalışdırıcını məyus etməyi bacarıbsa, “Kəpəz”in baş məşqçisi də bunu edə biləcək gücdədir. Gəncəlilər “Neftçi”nin ardınca “Turan Tovuz”a da badalaq vura bilsə, növbəti oyunlarda çox sürprizlərə imza atacaqlar.

Sözsüz, oyunun favoriti meydan sahibləridir. Yekun nəticənin hansı komandanın xeyrinə başa çatacağından asılı olmayaraq, maraqlı oyuna şahidlik etmək ümidi ilə.

Oktyabrın 25-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu