COP29

Azərbaycanda "Qarabağ"ın qarşısına çıxa biləcək komanda olacaq?

15 Oktyabr 14:20 Premyerliqa 2 725
Azərbaycanda "Qarabağ"ın qarşısına çıxa biləcək komanda olacaq?

Azərbaycan Premyer Liqasında 1-ci dövrə başa çatıb.

Sportinfo.az xəbər verir ki, doqquz turdan sonra son çempion "Qarabağ" 21 xalla zirvədədir.

İkinci yerdə üç xal az toplayan "Turan Tovuz" qərarlaşıb. İlk "3-lüy"ü 17 xalı olan "Araz-Naxçıvan" qapayır. Eyni - 15 xala malik "Zirə" və "Sabah" növbəti pillələrdə qərarlaşıblar.

Bu mövsüm Premyer Liqaya qayıdan "Şamaxı" 6-cıdır. "Səbail" və ötən mövsüm avrokuboklara vəsiqə qazanan "Sumqayıt" yeddi xalla 7-8-ci yerləri bölüşdürürlər.

Son pillələrdə isə ölkəmizin ən köklü klubları qərarlaşıblar. "Neftçi" dörd xalla 9-cu, "Kəpəz" üç xalla 10-cudur.

Ümumiyyətlə, mövsüm kifayət qədər maraqlı davam edir və sürpriz nəticələrin bolluğu ilə diqqət çəkir. Elə turnir cədvəlinə baxdıqda nə qədər gözlənilməzliklər olduğu anlaşılır.

Bu yazıda ümumi gedişat, uğurlular və uğursuzluqlara da nəzər yetirəcəyik, ancaq əsas toxunacağımız məqam "Turan Tovuz"un yenidən Azərbaycan futbolunda boy göstərməsidir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Tovuz futbolunun dirçəlişi

Ümumiyyətlə, Tovuz ölkəmizin əsas futbol mərkəzlərindən hesab olunur. Təsadüfi deyil ki, rayonun "Turan" klubu Azərbaycanda ilk peşəkar futbol klubu kimi tarixə düşüb. Elə ölkəmizi avrokuboklarda təmsil edən ilk komanda da "Turan"dır. Əsasən ötən əsrin sonlarında uğurlu olan "Turan" 1993/94 mövsümündə çempion olmağı da bacarıb. Tovuzdan Nizami Sadıqov, Sakit Alıyev, Nizami Ocaqverdiyev, Hüseyn Məhəmmədov, Nadir Nəbiyev, Elvin Məmmədov, Aqil Nəbiyev, Rəhman Hacıyev, Ruslan Abbasov, Vurğun Hüseynov kimi futbolçular çıxıblar və müxtəlif klublarımızın, milli komandamızın formasını geyiniblər.

Son illərdə Tovuz futbolu bir qədər kölgəyə çəkilsə də, "su gələn arxa bir də gəlib". Ötən mövsümdən "Turan Tovuz"a ayrılan maliyyənin artması ilə klubun iddiası da yüksəldi. Kollektiv zaman-zaman yüksək pillələrdə yer alsa da, yekunda 6-cı yerlə kifayətləndi. Bu mövsüm isə "bozqurdlar" daha iddialı görünürlər. Komandanın ikinci pillədə qərarlaşması bunu deməyə əsas verir.

"Qarabağ"ı məğlub edən yeganə komanda Tovuz təmsilçisidir

"Turan Tovuz" ötən mövsüm Ayxan Abbasovun rəhbərliyi altında möhkəm kollektiv təsiri bağışlamışdı. Eyni strategiyanın davam etdiriləcəyi və tədrici inkişaf yolunun seçiləcəyi gözlənilirdi. Lakin yayda klub rəhbərliyi yerli mütəxəssislə vidalaşdı. Onun yerinə isə tanınmış çalışdırıcı Kurban Berdıyev gətirildi. Daha çox Rusiyanın "Rubin" klubundakı işi ilə məşhurlaşan təcrübəli mütəxəssisin fəaliyyəti bu ana qədər uğurlu sayıla bilər.

"Turan Tovuz" cəmi bir dəfə məğlub olub ki, bu da "Qarabağ" və "Araz-Naxçıvan"la birgə ən yaxşı üç göstəricidən biridir. Eyni zamanda, altı top buraxan kollektiv burada da Ağdam klubu ilə zirvəni bölüşür. Üstəlik, "Qarabağ"ı məğlub edən yeganə komanda da Tovuz təmsilçisidir.

Kurban nəyi dəyişib?

"Turan Tovuz"un nəticələrinin yaxşılaşmasını heyətin yenilənməsi ilə əlaqələndirmək düzgün olmazdı. Əslində, qərb təmsilçisi bəzi əlavələr olmaqla keçənilki futbolçularla mübarizə aparır. Kurban Berdıyev gözlənilənlərin əksinə, heyəti tamamilə yeniləmək və öz istədiyi oyunçuları gətirmək yolunu seçmədi. O, cüzi əlavələr etməklə komandanı daha möhkəm kollektivə çevirməyi bacardı.

Əslində, oyun stili baxımından da Tovuz təmsilçisində böyük fərq yoxdur. Ayxan Abbasov əks-hücum strategiyasını seçmişdi. Bəllidir ki, Kurban Berdıyevin sevimli oyun üslubu da məhz budur. O, əks-hücum taktikası ilə "Rubin"in baş məşqçisi kimi "Kamp Nou"da "Barselona"nı məğlub etmiş mütəxəssisdir. "Turan Tovuz" onun rəhbərliyi altında baxımlı deyil, nəticəyə hesablanmış oyun göstərir və bunu kifayət qədər yaxşı etməyi bacarır. Qapısının etibarlılığını düşünən komanda anlayır ki, mütləq qol vurmaq şansı olacaq və olur da. Əsas məsələ az fürsətdən maksimum yararlanmaqdır. Qərblilər bunu maksimum bacarırlar.

Sərt nizam-intizam

Kurban Berdıyevin tətbiq etdiyi sərt nizam-intizam qaydaları da komandaya faydasını verir. Bu, özünü həm meydandan kənarda, həm də meydanda göstərir. Tovuz təmsilçisi hesabdan asılı olmayaraq oyun ərzində öz sisteminə sadiq qalır, futbolçular oyun nizamından qopmur, məşqçinin tapşırıqlarına sonadək riayət etməyə çalışırlar.

Düzdür, "Turan Tovuz"un geniş heyəti yoxdur və uzun marafonda bu, komandaya çətinlik yarada bilər. Lakin bir dövrəyə əsasən demək olar ki, komanda ilk "üçlüy"ə, dolayısı ilə avrokuboklara əsas namizədlərdən biridir. Qış transfer dövründə heyətə bəzi əlavələr edilməklə komandanı daha da komplektləşdirmək mümkündür.

Digər komandalarda vəziyyət necədir?

Ümumilikdə ilk dövrəyə gəlincə, sürprizlər sırasında "Araz-Naxçıvan"ı qeyd etmək lazımdır. Elmar Baxşıyevin komandasının ilk "üçlük"də olması çoxları üçün gözlənilməzdir. Elə "Şamaxı" da yaxşı mənada təəccübləndirir. I Liqadan yüksələn kollektiv rəqiblərinə başağrısı olmağı bacarır. Əsas məqsədi Premyer Liqada mövcudluğunu qorumaq olan komanda orta sıralarda möhkəmlənməkdədir.

Mənfi mənada təəccübləndirənlər isə "Neftçi" və "Kəpəz"dir. Xüsusən, "ağ-qaralar"ın doqquzuncu olması gözlənilməzdir. Təsadüfi deyil ki, hər iki klub artıq mövsümə start verdiyi baş məşqçi ilə vidalaşıb. Uğursuzlar sırasında "Səbail" və "Sumqayıt"ı da daxil etmək olar. "Zirə" və "Sabah" isə ötən mövsüm olduğu kimi iddialarını davam etdirirlər. Lakin "Turan Tovuz", "Araz-Naxçıvan" kimi komandaların da güclənməsi onlar arasında rəqabəti artırıb. "Qarabağ" isə liqanın aşkar favoritidir.

Digər Xəbərlər
Xəbər Lenti