Azərbaycan Premyer Liqasında birinci dövrə başa çatdı.
Lider kürsüsündə son illər alışdığımız mənzərədir. Yenə "Qarabağ" hər kəsi qabaqlayır.
Amma bombardirlər cədvəli ilə bağlı eyni fikri demək olmaz. Burada ağdamlıların passiv olması diqqət çəkir.
Belə ki, qrxada qalan 9 turdan sonra bombardirlər cədvəlinə Coy-Lens Mikels və Cesse Sekidika başçılıq edir.
"Sabah"lı legionerlərin hər birinin aktivində 5 qol var.
Onların yaxın izləyicisi də elə komanda yoldaşlarıdır. Söhbət hesabında 4 qolu olan Pavol Safrankodan gedir. Slovakiyalı forvard kimi "Zirə"dən Rafael Utziq və David Volkov da rəqib qapılarını 4 dəfə silkələməyi bacarıblar.
İlk "8-liy"i aktivində 3 qolu olan Leandro Andrade ("Qarabağ"), Felipe Santos ("Araz-Naxçıvan") və Qorka Laruçça ("Səbail") tamamlayır.
"Qarabağ"ın hücumçularının cədvəldə yer almaması təəccüblü gəlirsə, siyahıda olanların hamısının legioner olması insanı pərişan edir.
Bəs hardadır azərbaycanlı forvardlar?
Düzdü, əvvəlki illərdə də gəlmələrin hegemonluğuna şahidlik etmişik.
Amma son illər Mahir Emreli, Ramil Şeydayev, Musa Qurbanlı, Emin Mahmudovun timsalında yerlilər də öz ağırlığını ortaya qoya bilirdi.
İndi isə sinəsini qabağa verə biləcək bir azərbaycanlı hücumçu gözə batmır.
8 nəfərin cəm oladuğu cədvəlinin zirvəsində olanın aktivində 5, sonuncu 3 nəfərin isə 3 qol var.
Belə baxanda əcnəbilər də o qədər məhsuldar olduğunu demək olmaz.
Təəssüf ki, legionerlərin passiv görünməsi fonunda belə hansısa azərbaycanlı hücumçu yaranmış rəzalətə son verməyi bacarmır.
XANOĞLAN / SPORTİNFO.AZ