COP29

İlkin Fikrətoğlu: Əlində təsbeh, cibində qəpik-quruş - Onu Azərbaycanda sevəcəklərmi?

21 İyul 21:15 Premyerliqa 3 052
İlkin Fikrətoğlu: Əlində təsbeh, cibində qəpik-quruş - Onu Azərbaycanda sevəcəklərmi?

Azərbaycan Premyer Liqasında mövsümlərarası fasilənin son fazası başlayıb.

Artıq yeni mövsümün startına az vaxt qalır.

Çempionatın bitməsindən ötən müddət ərzində klublar səs-küylü transferlərlə diqqət çəkməyib. Əvəzində 2 baş məşqçinin təyinatı ölkə miqyasında əməllicə müzakirə mövzusu olub.

Söhbət Roman Qriqorçukun “Neftçi”yə, Qurban Berdiyevin “Turan Tovuz”a gəlişindən gedir.

Avqustda 72 yaşını tamamlayacaq Berdiyevin qoca yaşında Tovuza işləməyə razılaşması birmənalı qarşılanmadı.

Ayxan Abbasovun qəfil istefaya göndərilməsinə görə tənqid olunan klub rəhbərliyi Qurban Berdiyev kartı ilə bu tənqidlərin qarşısına sanki sipər çəkdi.

Kim nə deyə bilər? Ad-san onda. nəticələri də hamıya məlum. Türkmən əsilli məşqçinin bioqrafiyasında ən önəmli yeri, təbii ki, “Rubin” tutur.

Məhz Tatarıstan təmsilçisiylə qazandığı uğurlar onu beynəlxalq miqyasda tanıtdı:

2 Rusiya çempionluğu, Rusiya Superkubokunun ikiqat qalibi, 1 dəfə Rusiya Kubokunun sahibi, Rusiya birinci divizionunda çempionluq və hətta artıq tarixə qovuşmuş MDB ölkələrinin “Birlik Kuboku”nda 1-ci yer.

“Rubin”ə qədər Berdiyevn məşqçi karyerasında öz vətənində - “Nisa” ilə qazandığı Türkmənistan Kuboku və çempionluğu vardı.

“Rubin”dən sonra 1 il 8 ay işlədiyi “Rostov”da da yaddaqalan fəaliyyəti oldu. Klub Rusiya çempionatları tarixində ilk və hələlik son mükafatı - gümüş medalları məhz Berdiyevin rəhbərlıiyi ilə qazandı.

Ondan belə türkmən mütəxəssisin fəaliyyətində durğunluq başladı. 2017-ci ildə “Rubin”ə qayıdışı uğursuz oldu və 2 il sonra klub rəhbərliyi ilinə 3 milyon avro maaş verdiyi Qurban Berdiyevlə yollarını ayırdı.

2 il çəkən işsizlik 2021-ci ilin yayında Almatıdan gələn təkliflə bitdi.

Cəmi 1 mövsüm işlədiyi “Kayrat”a Qazaxıstan Kubokunu və çempionatın bürünc medallarını qazandıran təcrübəli mütəxəssis ondan sonra klubları əlcək kimi dəyişməyə başladı.

2 ilə 4 klub – obrazlı desək, 5 ay Təbrizdə “Traktor” sürdü, cəmi 4 ay “Soçi”də istirahət edərək kimi işlədi,

7 aya yaxın Mahaçqala “Dinamo”sunda. İndi də “Turan Tovuz”da. “Dinamo”da əvvəlcə baş məşqçi kimi işə başlasa da, mövsümün sonunda klub prezidenti - yaxın dostu Hacı Hacıyevin müşaviri postina keçdi.

Mahaçqalalılar divizionda çempion olaraq premyer liqaya vəsiqə qazandı. Bə, Kurban Berdiyevi nə vadar etdi ki, liderliyə daşıdığı komandanın ba məşqçi postundan ayrılıb, prezidentin müşaviri oldu?

Deyilənə görə, klub pul qazanmaq üçün baş məşqçinin fikrini öyrənmədən iki aparıcı oyuncunu satıb. Berdiyev bunu özünə hörmətsizlik kimi qəbul edib.

Digər tərəfdən, Hacı Hacıyev yaxın dostu olduğundan, qəfil çıxıb getməklə körpüləri tam yandırmaq istəməyib, bir necə ay müşavir kimi fəaliiyət göstərib.

Bir şərtlə ki. hansısa klub baş məşqçi olmaq təklifi göndərsə, gedəcək. O klub da bizim “Turan” oldu. Berdiyevin rəhbərliyə sözünü deməsi, etirazını bildirməsi əvvəllər də olub.

1993-cü ildə Türkiyədə baş məşqçisi olduğu “Gənclərbirliyi”ndə rəhbərliyinin “klub avrokuboklara çıxmalıdır” tələbnin cavabnda “bu imkanlarla mümkün deyil” deyərək, qapını cırpıb getmişdi.

Rusiya mediasının yazdıqlarınna inansaq, Berdiyev pul düşkünü deyil. Düzdür, zamanında “Rubin”də hətta ilinə 3 milyon avro da qazanıb.

Amma “Dinamo”da klubun prezidentinin dediyi kimi, qəpik-quruşa işləyib. 72 yaşlı qoca ilə 2+1 illik müqavilə bağlayan “Turan” rəhbərliyinin də seçiminı təqdir edən faktorlardan biri bu olub:

Berdiyev böyük məbləğə gəlməyib, kiçik büdcəylə böyük nəticə qazanmağı bacaran məşqçidir və üstəlik, akademiyanın, aşağı yaş qruplarının inkişafına şəxsən nəzarət edəcək.

Beləliklə, çox tezliklə ölkənin müxtəlif stadionlarında öz sevimli təsbehini əlində tutan Kurban Berdiyevi görəcəyik.

Şahmatı və rus ədəbiyyatını sevən türkmən məşqçinin öz əcdadlarının - qədim türklərin folkloru olan sazı Tovuzda görüb sevəcəyini isə zaman göstəcək.

Əsas odur, Berdiyevi tələbkar Tovuz azarkeşi sevsin. Yoxsa “Ayxanın əvəzinə Qurban gəldi” yox, “Ayxan qurban getdi” deyiləcək.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?