COP29

Bəh-bəh, adlara bax - Premyer Liqada qiyamət olacaq!

30 İyun 21:40 Premyerliqa 12 618
Bəh-bəh, adlara bax - Premyer Liqada qiyamət olacaq!

Adam növbəti mövsümü təsəvvür edəndə səbrsizlənir.

Əminliklə deyirəm, Premyer Liqanın gələn sezonu sözün əsl mənasında qiyamət olacaq.

Roman Qriqorçukla Kurban Berdıyevin gəlişi mübarizəyə əlavə rəng qatacaq.

İllərdir ölkə futbolunda bir nömrəli məşqçi statusunu qoruyan Qurban Qurbanov heç yerə getmir, “Qarabağ”ın başında dayanacaq. Onu təqdim etməyə gərək yoxdur, möhürünü vurmuş adamdır. Adı bəs edir.

Rəşad Sadıqov da hər ötən il məşqçilik təcrübəsini artırmaqla diqqət çəkir. “Zirə”nin başa çatan mövsümdə həm çempionatda, həm də ölkə kubokunda yalnız “Qarabağ”dan geri qaldığını düşünəndə əlavə şərhə gərək qalmır.

Oyun quruculuğu ilə yanaşı, çılğın xarakteri ilə Premyer Liqaya rəng qatanlardandır.

“Sabah”ın pis vəziyyətində komandaya sahib çıxaraq kollektivi avrokuboklara daşımağı bacaran Krunoslav Renduliç bacarığını bir neçə ayın içində göstərdi. Artıq futbolumuza yaxından bələddir,

“Sabah”ı da get-gedə istədiyi şəkildə formalaşdırmağa çalışır. Əlindəki materiallarla əcnəbi məşqçi statusunu doğrultmaq üçün əlindən gələni edəcək.

“Neftçi”dəki susqunluq fırtına öncəki səssizliyi xatırladır. “Qəbələ”dəki fəaliyyəti ilə tanıdığımız ukraynalı “ağ-qaralar”ı zirvəyə daşıya biləcək təcrübəyə sahibdir.

Yetər ki, “Qəbələ”də yaradılan mühit “Neftçi”də formalaşsın. Heyət təmizlənsə və bir qədər güclənsə, tək “Neftçi” – “Qarabağ” yox, həm də Qriqorçuk-Qurbanov duellərinin şahidi olacağıq.

Kurban Berdıyevi tanıtmaq və məşqçi kimi etdiklərini izah etmək artıq olar. Adam Rusiya futbolunda iz qoymuş məşqçidir. A-dan Z-yə - hamı nəyə qadir olduğunu bilir.

“Turan Tovuz”un sponsor adamı Ehtiram Quliyev Berdıyev üçün lazım olan şəraiti yaratmağa hazırdır. Təki nəticə versin, komandası avrokuboklar uğrunda mübarizə aparsın.

Bir də bu adların arasında Samir Abasovu təsəvvür edin. Özünəməxsus xarakterə sahib mütəxəssis nəticə vermək bacarığını “Neftçi”ylə “Sumqayıt”da göstərib.

İntriqanı sevməsi, başını başlara qoşmaq bacarığında olması xüsusən əcnəbi həmkarları ilə duellərə əlavə rəng qatacaq.

Bir sözlə, növbəti mövsümdə diqqətlər “sükan” arxasında 3-ü yerli, 3-ü legioner olmaqla bu 6 komandada olacaq.

Möcüzə baş verməsə, avrokuboklar uğrunda mübarizə bu kollektivlər arasında gedəcək. Stajlı və emosional mütəxəssislərin cəmləndiyi çempionat könülləri oxşayacaq.

“Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və debütant “Şamaxı” elitada qalmaq, ən yaxşı halda ortabablar arasında yer almaq üçün yarışacaqlar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?