COP29

Azərbaycan millisinin sonuncu üzvü 1/4 finalda uduzsa da… Şansını saxlayır

2 Avqust 15:40 Paris-2024 2 103
Azərbaycan millisinin sonuncu üzvü 1/4 finalda uduzsa da… Şansını saxlayır

Bu gün Paris-2024-də iştirak edən Azərbaycanın cüdo millisinin sonuncu - doqquzuncu üzvü Uşanqi Kokauri (öz çəkisində dünya reytinqi 17) yarışda mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançının ilk rəqibi 1/16 finalda Rafael Silva (Braziliya, dünya reytinqi 14) olub.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, növbəti raundda Martti Puumalainen (Finlandiya, dünya reytinqi 10) ilə qarşılaşıb.

İdmançımız bu dəfə də ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Kokauri Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) görüşüb.

Minyonq mayda keçirilən dünya çempionatının qalibi adını qazanıb.

Kokauri vaza-ari xalı ilə uduzub.

Bununla belə, o, bürünc medal şansını saxlayır. Cüdoçu 3-cü yer uğrunda təsəlliverici görüşdə Kuba təmsilçisi, 2022-ci ildə dünya çempionu olan Endi Qranda (dünya reytinqi 5) ilə qarşılaşacaq.

Bu görüşdə qalib gələn bürünc medal uğrunda həlledici yarışa çıxacaq. Bu görüşlər Bakı vaxtı ilə saat 18:00-dan başlanacaq.

Daha əvvəl cüdoda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar, digər 6 cüdoçumuz isə yarışı medalsız başa vurub.

Xəbər Lenti