COP29

İlkin Fikrətoğlu – Azərbaycan sürpriz edəcəkmi?

27 İyul 17:00 Paris-2024 756
İlkin Fikrətoğlu – Azərbaycan sürpriz edəcəkmi?

Yaylagül Ramazanovanın kamandan çıxan oxu ilə bizim üçün Paris Olimpiadası başladı. Düzdür, 33-cü Yay Olimpiya Oyunlarının rəsmi açılışı dünən oldu. Amma bu, uzun illərdir belədir: 1-2 gün əvvəldən futbol və daha bir necə növdə mübarizəyə start verilir, sonra isə olimpiadanın təntənəli açılış mərasimi keçirilir.
Təmsilçilərimizdən Paris Olimpiadasında yarışa 1-ci qoşulan Yaylagül Ramazanova Fransa paytaxtına yollanan yeganə oxatanımızdır. 34 yaşlı Ramazanova nəticəsindən asılı olmayaraq, artıq idman tariximizə düşüb: Yay Olimpiya Oyunlarında iştirak edən ilk azərbaycanlı qadın oxatan kimi. Nəticəsiylə də bizi sevindirsə, əla olar. Hərçənd dünya reytinqində hazırda 186-cı yerdə olan Yaylagülün medalçılar sırasına düşəcəyi real görünmür. Medalları biz başqa idmançılardan, əsas da güləşçi, cüdoçu və boksçulardan gözləyirik. Amma bu siyahlya sürpriz adlar da əlavə oluna bilər.
Azərbaycan müstəqil ölkə olaraq qatıldığı sayca 8-ci olimpiadaya 48 idmançı ilə yollanıb. Bu göstərici əvvəlki 8 olimpiadadan yaınız London-2012 və Rio-2016-dan geri qalır. Londonda 53, Rioda 56 idmançımız Olimpiadaya qatılmışdı. İdmançı sayına görə Azərbaycan Paris-2024-də iştirak edən 206 ölkə arasında 53-cü yerdədir. Parisdə 15 idman növündə tıəmsilçimiz olacaq.
Azərbaycan ilk dəfə Yay Olimnpiya Oyunlarında komanda növündə mübarizə aparacaq. Bu, 3x3 qadın basketbol yığmasının sayəsində olub. Apreldə Honkonqda keçirilən olimpiya təsnifat turnirində çempion kimi Paris-2024-ə vəsiqəni tımin edın qadın basketbolçularımızın çıxşını maraqla gözləməyə dəyər.
İyulun 30-da İspaniyaya qarşı oyunla Olimpiadada debut edəcək 3-lü basketbol komandamız qrupda həmcinin ABŞ, Kanada, Fransa, Almaniya, Çin və Avstraliya ilə də qarşılaşacaq.
Medal şanslarına gəlincə, ənənəvi olaraq ümid ilk növbədə güləşçi və cüdoçularadır. Bu iki növdə Parisdə toplam 21 idmanımız olacaq. Bu da az qala 48 nəfərlik heyətin yarısı edir. Cüdonu son illər ölkədə sürətli inkişaf edən birinci idman növü saya bilərik. Kişi cüdosunda demək olar bütün çəkilərdə güclü rəqabətin olması səbəbindən milli komanda üçün samballı heyət formalaşıb. Qadın cüdoçulaırn yarışında Leyla Əliyeva və Gültac Məmmədəliyevanın şansları yüksək olmasa da, kişilərdən ibarət komandada potensial medalçılar var.
66 kq-da Yaşar Nəcəfov və 90 kq-da Elcan Hacıyev üçün bu cox ciddi sınaq olacaq. Ən ağır çəkidə güləşən milliləşdirilmiş gürcü Uşanqi Kokaurinin medal şansı yüksək qiymətləndirlmir. 2 osetin, 2 adaş - Zelim Tskayev və Zelim Kotsoyev rəqibləri üçün sirli qutudur. Hər ikisindən sürpriz nəticə gözləmək olar.

Komandanın lideri Hidayət Heydərovu isə tanıtmağa ehtiyac yoxdur. Dördqat Avropa çempionu, dünya çempionu. 3 dəfə dünya üçüncüsü, İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa Oyunlarının gümüş mükafatçısı… Göründüyü kimi, onun medal kolleksiyasında yalnız olimpiya mükafatı çatışmır. İki ay əvvəl finalda yapona qalib gəlməklə dünya çemionluğunu qazanan Hidayət dünya reytinqində 73 kq çəkidə uzun müddətdir 1 nömrədir. İndidən 30 iyulu - Heydərovun tatami üzərinə çıxacağı günü səbirsiziklə gözləyirik.
Güləş bizim olimpiadalarda həmişə ümid yerimiz, medal gözləntimiz olub. Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı da güləşçi olub, 1952-ci il olimpiadasında Rəşid Məmmədbəyov. O vaxtdan da əksər pəhləvanlarımıza olimpiadalarda potensial medalçı kimi baxmışıq. Parisə 5 yunan-roma, 6 sərbəst güləşçimiz gedib. Qadın güləşndə cəmi 1 təmsilçimiz olacaq - o da dünya qadın güləşinin əfsanələrindən biri Maiya Stadnik. 10 dəfə Avropa, 2 qat dünya çempionu, ardıcıl 4 olimpiadada medal qazanan 36 yaşlı Stadnik Parisə vəsiqəni son turnirdə əldə etdi. Bununla da dünyada 5 olimpidada iştirsk edən tək qadın güləşçi adını qazandı. 36 yaş, karyerasının 5-ci olimpiadası - bu, təxminən Kriştianu Ronaldonun AVRO-2024-də iştirakına bənzəyir. Təki Stadnik bizi Rpnaldo Portuqaliya xalqını məyus etdiyi kimi məyus etməsin. Bu, onun karyerasının, böyük ehtimalla, son yarışıdır. Olimpiadalarda 2 dəfə gümüş, 2 dəfə bürünc qazanan Stadnikin Rio-2026-nın finalında yapon Eri Tosaka ilə qarşılaşmada son saniyələrdə 2 xallıq üstünlüyü və yekinda olimpiya çempionluğunu əldən verməsi unuduımaz psixoloji travmadır. Ümumiyətlə , Mariya üçün lənətlənmiş yapon sindromu var. O, hec vaxt Olimpiada və dünya çempionatlarında bu ölkədən olan rəqiblərinə qalib gələ bilməyib. Ümid edək ki, karyerasının son yarışında Maşa bu tilsimi qırar.

Kişi sərbəst güləşçilərimiz olimpiadada bütün çəkilərdə olacaq. Onlardan 3-ü milli güləşmizin, 2-si Dağıstan, biri isə Gürcüstan məktəbinin yetirməsidir. 57 kq çəkidə astaralı Əliabbas Rzazadə güləşəcək. O, gənclər arasında dünya, böyüklər arasında Avropa çempionudur, Olimpiadanın həyəcanını isə ilk dəfə yaşayacaq. 26 yaşlı güləşçimiz son müsahibələrinin hamısında Parisə yalnız çempionluq ardınca getdiyini bildirib. Əliabbasın iddiası və özünəgüvəni bizə də inam verir. Azərbaycan güləş tarixinin ən titullu pəhləvanı - 4 qat Avropa, ücqat dünya çempionu Hacı Əliyev məhz olimpiadaya görə çəkisini 65 kq-a dəyişdi, sonda lisenziya qazanmaqla məqsədinə çatdı. 33 yaşlı pəhləvan Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal qazanıb. Məntiqi ardıcıllıqla Hacının növbəti olimpiya medalı qızıl olmalıdır. Hazırda dünya reytinqində 9-cı pillədə olan Əliyevi Parisdə olduqca ağır rəqabət gösləyir. 74 kq-da güləşən Turan Bayramov üçün bu, ikinci olimpiada olacaq. Apreldə lisenziya turnirində məşhur italyan Frank Çamizo ilə qalmaqallı görüşü hələ də unudulmayıb. Bu görüşə görə hətta hakimlikdən kənarlaşdırılanlar da oldu. Çamizo lisenziya yarışlarında nəticə qazanmasa da, Dünya Güləş Birliyi 32 yaşlı güləşçiyə Parisdə güləşmək hüququ verib. O isə yəqin ki, qisas üçün Turan Bayramova rəqib olmağı arzulayır. Görək, Bayramov bu imtahandan necə çıxacaq. 3 legionerdən Osman Nurmaqomedov gənclər arasında dünya çempionu, böyüklərin Avropa və dünya çempionatlarının gümüş və bürünc mükafataçısıdr. Çəkisində güclü rəqiblər çox olsa da, sürpriz edə bilər. 97 kq-dakı təmsilçimiz Maqomedxan Maqomedov Parisə lisenziya qazanan ilk güləşçimizdir. Hazırda dünya reytinqində öz çəkisində 1-ci yerdə olan Avropa çempionumuz əsas medal ümidlərimizdən biridir. Ən ağır çəkidə güləşəcək Georgi Meşvldilvişlinin isə püşkdə bəxti gərirsə, mükafatçılar sırasına düşə bilər.
Yunan-roma güləşindəki 5 təmsilçimizdən əsas ümidlər Həsrət Cəfərov, Sənan Süleymanov və Rafiq Hüseynovadır. Həsrət 67 kq çəkidə hazırda dünya reytinq sıralamasında liderdir, Sənan isə 77 kq-da reytinqdə 2-cidir. Tokio Olimpiadasında bürünc medala sahib çıxan Rafiq isə karyerasının son olimpiadasında bütün gücünü çempionluğa yönəldəcək. Rusiyanın olimpiadaya buraxılmaması pəhləvanlarımızın şansını artırır. Amma bəzi Dağıstan və osetin pəhləvanlar müxtəlif ölkələrin təmsilçisi kimi Parisdə idmançılarımıza rəqib ola bilər. Boksçulardan əsas ümidimiz dünya çempionu. kubalı legioner Alfonso Dominges və dünya üçüncüsü Məhəmməd Abdullayevədir. Bir də gənclər arasında Avropa çempionu Nicat Hüseynov və olimpiadaya 63,5 çəki dərəcəsində lisenziya qazandıqdan sonra “gözlə məni Paris, olimpiadaya tarix yazmaq ucun gedəcəm” deyən Malik Həsənov var. Görək, Malikin yumruqları onu arzularına çatdıracaqmı? Taekvandoda Qaşim Maqomedovu da unutmaq olmaz. Zatən, olimpiada sürprizləri sevən, gözləmnilməz nəticələrlə bol olan yarışdır. 2000-ci ildə 19 yaşlı bokscu Vüqar Əlkbərovun olimpiya bürüncü qazanmasını və ya əksinə, cüdoçu olimpiya çempionlarımız Nazim Hüseynovun Atlanta-96, Elnur Məmmədlinin isə London 2012-də sürpriz məğlubiyyətlərini xatırlayaq. Demək, yaşından və titullarından asılı olmayaraq, olimpiadada şans bütün idmançılar ücün var. Sadəcə, məqsəd uğrunda sonadık döyüşmək lazımdrı. Açılış mərasimində olimpiya komandamızın bayraqdarları - cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevin əlində dalğalanan üçrəngli bayrağımız ümid edək ki, avqustun 11-dək yarış meydanlarında himnimizlə birgə ucalacaq.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?