“Neftçi” Moskva MOİK-i və "Ural"ın sabiq baş məşqçisi Viktor Qonçarenko ilə danışıqlar aparıb.
Bu barədə Rusiya mediası yazıb.
İddia olunub ki, paytaxt təmsilçisi 47 yaşlı mütəxəssisə təklif göndərsə də, o, komandanın sükanı arxasına keçməkdən imtina edib.
“Neftçi” ilə yanaşı, “Pari Nijni Novqorod”un da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.
Viktor Qonçarenko MOİK-lə iki dəfə (2016/2017, 2017/2018) Rusiya çempionatında gümüş medal qazanıb, 2018-ci ildə isə ölkə Superkubokunun qalibi olub.
Bu informasiya gündəmi əks etdirirmi? Roman Qriqorçukun kreslosu laxladığından, güman edə bilərsiz ki, rusiyalı həmkarlarımız günün nəbzini tutur.
Bəli, «ağ-qaralar» Premyer Liqanın ilk dövrəsində qələbəyə həsrət qalmaları səbəbindən ukraynalı çalışıdırıcıdan kəskin narazıdır və onunla vidalaşmağın yollarını axtarır, ancaq Qonçarenkonun təyinatı bu aralar nəzərdən keçirilmir.
Belaruslu mayın sonu, iyunun əvvəlində «Neftçi»yə gələ bilərdi, sadəcə, həmin vaxt onunla şərtləri razılaşdırmaq mümkün olmamışdı.
Bu, o zaman idi ki, Miodraq Bojoviç yenicə sükan arxasından uzaqlaşdırılmışdı və hələ dəqiq bilinmirdi ki, Qriqorçuk Ukraynanı tərk edə biləcək, ya yox.
Ümumiyyətlə, Qonçarenkonun adı 3 ilə yaxındır «Neftçi» ilə yanaşı hallanır. BATE-nin sabiq çalışdırıcısı Azərbaycan reallığını qəbul etsəydi,
2022-ci ildə burada ola bilərdi. O, böyük səlahiyyətlər, həmçinin transfer büdcəsinə təkbaşına nəzarət istədiyindən, Bakıya gəlişi alınmayıb.
SPORTİNFO.AZ