2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinmiş Sabir Buqrin “Esperans” rəhbərliyinə müraciət edib.
Belçika pasportu daşıyan yarımmüdafiəçi Tunisdən ayrılmaq istədiyini bildirib.
Buqrin gələn ilin yayında başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün öz təklifini isrəli sürüb - əgər icazə alsa, klubun ona olan borcunu bağışlayacaq.
2020/2021 mövsümündə Azərbaycan çempionu olan Mərakeşəsilli legioner yenidən ölkəmizə dönmək niyyətindədir.
Samir Abasovun paytaxt klubuna qayıtması 28 yaşlı ərəbi daha da ümidləndirib.
O, yaxşı tanıdığı baş məşqçinin təyinatı barədə məlumat alandan bəri bəzi şəxslər vasitəsilə ona öz mesajını göndərib, şərtlər üst-üstə düşərsə, qış fasiləsindən sonra ölkəmizə gələ biləcəyini söyləyib.
Elə Abasov da bu anlaşmanın gerçəkləşməsinə həvəs göstərir. Hər halda Buqrin ona kifayət qədər tanış biridir və potensialına bələddir.
Sabir 2022-ci ilin yanvarında “Neftçi”dən “Esperans”a keçib. Tunis klubu onu 827 min manat təzminat qarşılığında sıralarına qatıb və 3,5 illik müqavilə bağlayıb.
SPORTİNFO.AZ