COP29

“Neftçi” bu şansdan da yararlana bilməsə...

19 Oktyabr 16:40 Neftçi 516
“Neftçi” bu şansdan da yararlana bilməsə...

Premyer Liqanın ilk dövrəsində cəmi 5 xal qazanmağı bacaran “Neftçi”də yeni dönəm başlayıb.

Bundan sonra “ağ-qaralar”ı meydana 2021-ci ildəki çempionluqda əsas pay sahiblərindən olan Samir Abasov çıxaracaq.

“Sumqayıt”ı “Neftçi”yə dəyişən 46 yaşlı çalışdırıcının debütü “Səbail”lə oyuna təsadüf edəcək. Təbii ki, bu oyundakı yekun nəticənin bakılıların sonrakı çıxışına təsiri danılmazdır.

Vəziyyətdən çıxmaq üçün meydan sahiblərinin əlinə əla imkan düşüb. “Neftçi Arena”da “Forza Neftçi”nin dəstəyi altında oynamağın komanda üzvləri üçün nə demək olduğunu futbolçulardan yaxşı bilən olmaz.

Süni örtükdə oynamağa alışmış “Səbail”lə müqayisədə təbii qazonda mübarizə aparmaqdan zövq alan “Neftçi” daha şanslıdır. Azarkeşlərin dəstəyi də öz yerində.

Qonaqların heyətində kifayət qədər itkilər var. Qorka Laruçça ilə Mert Çelik cəza səbəbindən oynaya bilməyəcək.

Fərid Nəbiyevlə Süleyman Alluşun meydana çıxması isə sual altındadır. Komandanın özəyini təşkil edən ilk üç nəfərin yoxluğu bayıllıların planlarına ciddi təsir edəcək.

Bu yerdə baş məşqçi amilini unutmamalıyıq. Roman Qriqorçukun Samirt Abasovla əvəzlənməsindən sonra düşərgədə ab-hava yaxşıya doğru dəyişib.

İndi hər kəs “Neftçi”dəki vəziyyətin kökündən dəyişəcəyinə, işıqlı günlərin başlayacağına ümid edir. Təcrübə də göstərir ki, məşqçi yenilənməsindən sonra nəticələr əksər hallarda yaxşılaşır.

Bir sözlə, “ağ-qaralar”ın xeyrinə işləyən kifayət qədər məqam var. İstifadə edə bilsələr, qarşıdakı oyunlar öncəsi ağ günə çıxacaqlar.

Bacarmasalar, iddialılardan sayılan “Sabah” və “Araz-Naxçıvan”la görüşlərdə betər olacaq.

Oktyabrın 19-da “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti