“Onların üç namizədi var idi, sonda mənim üzərimdə dayandılar”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında məşqçi Sənan Qurbanov deyib.
2023-cü ilin yayından bəri “Neftçi”də çalışan Sənan Qurbanov ölkə xaricindən dəvət alıb. Bildirdiyinə görə, "East Benqal"dan ona təklif gəlib.
Hindistanın yüksək Liqasında çıxış edən klub azərbaycanlı mütəxəssisə mövsümün sonunadək nəzərdə tutulan ilkin müqavilə irəli sürüb.
"East Benqal" rəhbərliyinin Qurbanovdan istəyi komandanı liqada saxlamaq olub. Əgər o, bu vəzifənin öhdəsindən gələrsə, 44 yaşlı çalışdırıcı ilə kontraktın müddəti 2 illik uzadılacaq.
"East Benqal" ölkənin aparıcı klublarından biri hesab olunur, 7 oyunçusu Hindistan millisinin şərəfini qoruyur.
Sənan Qurbanov hazırda «Neftçi»nin akademiyasında fəaliyyət göstərir. O, aşağı yaş qrupları ilə əsas komanda arasında əlaqələndirici vəzifəsini yerinə yetirir.
«Qəbələ» və «Şamaxı»nın sabiq sükançısı 3 aydır yeni işinin başındadır. Bundan qabaq isə Adrian Mutu və Miodraq Bojoviçin köməkçisi olaraq Premyer Liqada çalışıb.
Qurbanovu dinləyək:
«Klubun rəhbər şəxsi ilə «video-koll» vasitəsilə danışdıq. Mən öz şərtlərimi dedim, onlar da dedi.
Aramızdakı danışıq üç gün getdi. Açığı, qarşı tərəfə konkret «yox» deməmişəm. İstədiyim məbləği söyləmişəm.
Bununla yanaşı, şəraitin yaradılmasını istəmişəm. Vacib olan budur. Çünki ora aparacağım məşqçilərin istəkləri də önəmlidir».