"Neftçi"dən göndəriləcək futbolçuların "qara siyahı"sı – İclas olubmu?

13:00 Neftçi 1 258
"Neftçi"dən göndəriləcək futbolçuların "qara siyahı"sı – İclas olubmu?

Avrokuboklardan kənar qalan "Neftçi"də klubdaxili iclasın keçirildiyi iddia olunur.

Son günlər yayılan xəbərlərə görə, "ağ-qaralar"ın rəhbər, texniki və məşqçi heyətinin yer aldığı toptantıda uğursuzluğun səbəbi müzakirə olunub.

Baş məşqçi Samir Abasov heyətdəki problemləri və düzgün edilməyən transferləri əsas səbəb kimi təqdim edib.

47 yaşlı mütəxəssis hətta rəhbərliyə futbolçularla bağlı hesabat təqdim edib. O, komandadan göndərilməli olan oyunçuların siyahısını da açıqlayıb.

Abasov xüsusilə 5 futbolçu ilə əməkdaşlıqda ümumiyyətlə maraqlı olmadığını bildirib. Bunlar arasında yerlilərdən hücumçu Ramil Şeydayev də var.

Legionerlər - müdafiəçi Robert Bauer, yarımmüdafiəçi Rafael Quzzo, vinger Alfa Konteh və hücumçu Dembo Darbodur. Ramil və Robertin müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Digər futbolçuların sözləşmələri isə 2026-cı ilin ilin iyununda başa çatacaq.

Yayılan informasiyalarla bağlı müəyyən araşdırma apardıq. Saytımıza məlum oldu ki, klub rəsmiləri kubok qarşılaşmasından sonra bir araya gəlib.

Ayaqüstü görüşdə komandanın durumu incələnib. Premyer Liqanın qarşıda 5 turunun qalmasını nəzərə alan funksionerlər mayın sonunadək gözləmə mövqeyi tutmağı lazım bilib.

Ondan qabaq heç bir futbolçu ilə yollar ayrılmayacaq. İdarəçilər bu qənaətdədir ki, vaxtından əvvəl atılacaq istənilən addım kollektiv daxilində narahatlıqla qarşılanacaq və əks effekti olacaq.

"Neftçi" çemsionatda 6-cı pillədə qərarlaşıb. Komandanın riyazi baxımdan avrokuboklara vəsiqə qazanmaq şansını hələ də tam itirməyib.

Samir Abasov bu saman çöpündən də bərk yapışmağın tərəfdarıdır. Baxmayaraq ki, o, xidmətinə maraq duymadığı oyunçuların "qara siyahı"sını bir neçə gün öncə yox, məhz bir neçə ay öncə rəhbərliyinin masasının üzərinə qoyub.

Növbəti beş turda əldə olunacaq nəticələrə əsasən, bu siyahıda hansısa dəyişiklik mümkündür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti