
“Sumqayıt” – “Neftçi” qarşılaşması kənardan bəlkə də turun ən əhəmiyyətsiz oyunu kimi görünür.
“Ağ-qaralar” avrokuboklara vəsiqə şansını əldən verib, “kimyaçılar” elitada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlib.
Bu matçı hər iki komanda üçün nüfuz savaşı adlandırmaq olar.
Ölkənin iki böyük şəhərinin əsas komandaları hesab olunan “Sumqayıt”la “Neftçi” azarkeşləri və imici üçün mübarizə aparmalıdır. Daha doğrusu, çempionatı mümkün qədər üst pillələrdə başa vurmaq əsas şərtdir.
“Neftçi”nin ardıcıl ikinci mövsümdə avrokuboklardan kənarda qalması kollektivdə psixoloji eniş yaradıb. Klubdakılar özlərinə “niyə belə oldu” sualını verdiyi anlarda “Şamaxı” Tovuz səfərindən xalla qayıtmaqla “ağ-qaralar”ı turnir cədvəlinin 7-ci pilləsinə göndərdi.
“Mehdi Hüseynzada”də qələbə qazanmaq mümkün olmasa, “Sumqayıt”ın da növbəti turlarda bakılıları geridə qoymaq şansı yaranacaq. Nəticədə mövsüm Samir Abasovun komandası üçün biabırçı sonluqla (8-ci yer) yekunlaşa bilər.
Belə olmaması üçün “Sumqayıt” səfərindən qələbə ilə qayıtmaq mütləqdir. Lakin bir şey də var ki, itirməyə heç nəyi qalmayan Vaqif Cavadovun komandası da cədvəldə irəliləmək həvəsindədir.
Həm də doğma azarkeşlərinin qarşısında. Cavadov növbəti mövsümdə iddialı komanda yaratmaq üçün sponsorlara məşqçilik bacarığını məhz turnir cədvəlindəki son durumla göstərmək istəyir.
“Sumqayıt”la “Neftçi”dən danışırıqsa, Samir Abasov amilini unutmamalıyıq. Məşqçilik karyerasına məhz böyüdüyü şəhərdə başlayıb, burada tanınan 47 yaşlı mütəxəssisin rəqib qismində Sumqayıta hər səfəri böyük izdihama səbəb olur.
Və tam təbii olaraq diqqətlər ona yönəlir. Yeri gəlmişkən, bu, Abasovun indiyə qədər “Neftçi”nin baş məşqçisi qismində Sumqayıta beşinci səfəri olacaq.
Buna qədərki dörd oyunda rəhbərlik etdiyi komanda iki dəfə qələbə qazanıb, bir dəfə məğlub olub, bir dəfə bərabərlik qeydə alınıb.
Aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ