“Neftçi”ni düzəltməyin bir yolu var – “Məşhur üçlük”lə vidalaşmaq

26 Aprel 19:40 Neftçi 1 661
“Neftçi”ni düzəltməyin bir yolu var – “Məşhur üçlük”lə vidalaşmaq

“Neftçi” üçün daha bir uğursuz mövsüm başa çatdı.

Ötən il necəydisə, bu il də elə. Xərclənən milyonlar və titulsuz, hətta avrokuboklara vəsiqəsiz qalan klub.

Təbii, bəzi qüvvələr üçün ən sadə çıxış yolu məşqçilər heyətini və futbolçuları yola salıb, yeni simalarla müqavilə bağlamaqdır.

2023-cü ildən bu yana eyni üsulla, eyni adamlarla idarə olunan “Neftçi”nin başlıca problemi də yönətimdədir. Adlarını uşaqdan-böyüyə hamı əzbər bilir – Cenk Sümer, Zaur Əzizov, Kamil Məmmədov. Çünki cavabdeh şəxslər onlardır.

Deyək ki, futbolçu adına önəm verilərək gətirilən Adrian Mutu uğursuz seçim idi. Bəs Rusiyada xarüqələr yaradan Miodraq Bojoviç? Yaxud “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyan Roman Qriqorçuk? Elə həmin “Neftçi”ni 2021-ci ildə 8 illik fasilədən sonra çempion edən Samir Abasov?

Hamısı bacarıqsız oldu?

Bu qədər məşqçi eyni komandada uğur qazana bilmirsə, problem idarəetmədə, klubun özündədir. Futbolun “f”sından xəbərdar olanlar bunu anlamamış olmaz.

Sadə bir fakta diqqət edək.

Bu gün bacarığı “Neftçi” səviyyəsinə uyğun gəlməyən legionerlərin hamısı ilə 2-3 illik müqavilə imzalanıb. Niyə? Hansı əsasla?

Ümumiyyətlə, “Neftçi” üçün ölkə xaricindən futbolçular necə, hansı əsaslarla, hansı metodlarla tapılır? Skautinq sistemi varmı?

“Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” daha az büdcə ilə uğur qazanmağı bacarırsa, “Neftçi”nin niyə kənarda qalmasına dair sualın altında nələr gizlənir, nələr.

Görünən odur ki, baş məşqçini və futbolçuları əlcək kimi dəyişməklə yaxşı mənada heç nə əldə olunmayacaq. Ya “məşhur üçlük”lə yollar ayrılmalıdır, ya da işə yanaşmaları dəyişməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 19:30 Çək və bizə göndər!
26 Aprel 11:00 Təki, düz addım at!
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq