
«Neftçi» üçün mövsüm aprelin 23-də başa çatdı.
Ötən həftəsonu Premyer Liqada medalçılar sırasına düşmək şansını itirdilər, dünən də kubok yolu ilə avrokuboklara yollanmaq fürsətini qaçırdılar.
Samir Abasov yenə ənənəvi mətbuat konfransında jurnalistlərin önünə çıxdı və yenə dediyini dedi.
Dedi ki, üzr istəyir.
Amma məsuliyyəti tamamilə öz üzərinə götürmədi. Ümumi uğursuzluğa görə Roman Qriqorçuku nişan verdi. Onun adını çəkmədən.
Ukraynalı buradan gedəndə oktyabrın əvvəli idi. O, cəmi bir dövrə komandanın başında dayana bildi.
Aradan ötən 7 ayda görəv sahibi olan Abasov hələ Qriqorçuku yada salırsa, mənim ta ona sözüm yoxdur! Çoxdan gedib adam, nə izi qalıb, nə tozu.
Hər dəfə yanlış transfer siyasətini qurumuş kötük kimi irəli dığırlatmaqla Abasovun bir məqsədi var - özünü sığorlatamaq.
Gələndə, bilirdin hara gəlirsən. Heyətin zəif olduğunu, alınan legionerlərin bir köpüyə yaramadığını bilirdinsə, öz cibindən 100 min manatı çıxarıb niyə kompensasiya olaraq «Sumqayıt»ın büdcəsinə keçirirdin? Pulun artıq düşmüşdü?
Elə deyil axı. Bilirdin hara gəldiyini.
Bilirdin ki, Qriqorçuk səndən qabaq 9 tur qələbə qazanmayıb.
Bilirdin ki, komanda vahid qayda əsasında formalaşdırılmayıb.
Bilirdin ki, mərkəzləşdirilmiş transfer strategiyası qurulmayıb.
Hələ burada yazmadığımız, yazmaq istəmədiyimiz çox şey idə bilirdin. Bütün bunları bilə-bilə niyə geri qayıtmışdın?
Yalnız ona görə ki, «Sumqayıt»da aldığından daha çox pul qazanacaqdın?
Qriqorçukun əksər seçimləri səhvdir, bəli, razıyam. Bəs özünün qışda götürdüyün legionerlər necə, yanan barmağa dərmandırmı?
Heç biri əsas heyətdə möhkəmlənə bilməyib. Barı, öz ayıbına kor ol, sonra başqasının gözündə çöp axtar!
Üzr istəməyə nə var e, bununla iş düzəlmir, «Neftçi» tərəfdarı ovunmur, təskinlik tapmır. İlan vuran gecə yatıb, onlar yox.
Səhərədək gözlərinə yuxu getməyib bu azarkeşin. Yeddi ayda komandanı bir yerə dartıb çıxara bilməyən baş məşqçinin indi dediyi sözlər, təbii ki, «Neftçi» fanatının narahatlığını azaltmır, içində ümid yaratmır.
Üzr istə, hə, nə olsun?
Onun fiziki hazırlıq üzrə dörd köməkçisi var, hərəsi bir yolla bura gədib çıxıb. Hamısı da ayrı-ayrı ölkələrdəndir.
Dörd fiziki hazırlıq yardımçısı olan baş məşqçi də futbolçularının 60-70-ci dəqiqədən sonra qaçmağa heyinin qalmamasından şikayətlənər? İşlərinin adı nədir, olmaya, hər gün məşqdə lülə qurudurlar?
Futbolçuların bir çoxunun səviyyəsi aşağıdır, birəbirdə rəqibi keçməyi bacarmırlar, bildik. Bəs fiziki cəhətdən belə tez əldən düşmələrinə nə söz?
Filip Ozobiçi 60-cı dəqiqədən sonra da meydanda saxlayan Samir Abasov oyunun gedişatını üzdən oxuya bilmirsə, buna Qriqorçuk neyləsin?
Nəinki kubokdakı yarımçıq macəranın, Premyer Liqada aşağılarda dolaşmağın da məsuliyyətini birbaşa Samir Abasovun özü daşıyır.
Yaxasını kənara çəkməsin, yeddi ay bir igidin ömrüdür.
Allahın «Şamaxı»sı ilə turnir cədvəlində qonşu olan komandanın baş məşqçisi gərək üzr istəməklə gözdən itməyə tələsməsin, istefa ərizəsi yazmağa tələssin.
MUSA