
Azərbaycan kubokunu qazanmaq şansını əldən verən “Neftçi”də vəziyyət gərgindir.
Xərclənən milyonların qarşılığında “ağ-qaralar”ın ardıcıl ikinci mövsümdə uğursuzluq yaşaması başbilənləri düşünməyə və qərarlar verməyə məcbur edir.
Yaxın saatlarda bazada klubdaxili toplantı keçiriləcək.
Rəhbərlik baş məşqçidən və futbolçulardan hazırkı vəziyyətin səbəbini soruşacaq. Hətta sərt qərarların veriləcəyi də ehtimal olunur.
Artıq bu barədə “Neftçi”dəki hər kəsə məlumat verilib.
Dünən Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib. Bu, yarımfinal mərhələsinin “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçında bəlli olub.
Masazırda yerləşən “Bank Respublika Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
“Sabah”ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. “Neftçi”dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb.
Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf “Sabah” (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında “Qarabağ”la üz-üzə gələcək.
Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ