
Bax, indi «Neftçi»nin formasını geyinən futbolçular var ha, onların bir çoxunu burada görməyəcəksiz.
İstəyir Samir Abasov qalsın, istəyir göndərilsin.
Fərqi olmayacaq. Rəhbərlik düşərgəni Belarus traktoru ilə «şumlayacaq». Bura başdan-başa «bellənəcək».
«Neftçi» bu mövsüm Premyer Liqada keçirdiyi dörd oyunun hamısında «Qarabağ»a uduzdu.
Qapısından 10-dan çox top çıxaran komandada kim qalar, kim göndərilər - darıxmayın, iyunun ilk günlərindən etibarən o xəbərləri alacaqsız.
Qoy, «Neftçi» azarkeşi səbrini bir qədər də bassın. Tərəfdarın ürəyini qubarladan və çərlədən futbolçular bir-birinin ardınca yola salınacaq.
Müdafiəçisindən tutmuş ta hücumçusuna kimi!
Son derbi «Neftçi»nin kosmetik yox, kardinal islahatlara əl atmalı olduğunu isbatladı. Yuri Matias və Ramil Şeydayev kimi bir çox oyunçuya yol göründü.
Bu yol ayrılığa doğru aparır…
«Neftçi»nin idarəçiliyi iddialı və nüfuzlu şəxslərin əlindədir. Böyük miqdarda büdcə ayrılıb. Beş-altı milyondan danışmırıq. On milyonlar xərclənib.
Bu pulun qarşılığında transfer edilən legionerlərin 90 faizi «Qarabağ» qarşısına çıxarılası deyil.
«Şamaxı» və «Səbail» səviyyəsində olanlara bu ağ-qara formasını geyindirmək olmaz. Səhv ediblər: həm onları bəyənənlər, həm gətirənlər.
ELXAN