
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la baş tutacaq cavab görüşünə xüsusi hazırlaşır.
Rəhbərlik "Bank Respublika Arena"da keçiriləcək görüşə azarkeşlərin rahat gediş-gəliş üçün 5 avtobus ayırıb.
Gələn azarkeşlərin sayına uyğun olaraq avtobus sayı da dəyişə bilər.
Nəqliyyat vasitələri 18:00-da "Neftçi Arena"dan yola düşəcək.
Adətən oyun günlərində klub fan-şop fanatların üzünə açılırdısa, bu dəfə səfər oyunu olmasına baxmayaraq tərəfdarlar sevimli komandasının atributlarını ala biləcəklər.
Oyunun əhəmiyyətini və azarkeşlərin "Neftçi Arena"da cəm olmasına görə belə addım atılıb.
13:00-da açılacaq fan-şopda məhsullar 50% endirimlə alıcılara təqdim ediləcək.
Birbaşa "Bank Respublika Arena"nın yolunu tutacaq fanatlar da yaddan çıxmayıb.
Hər biri Masazırda yerləşən arenanın giriş qapısında pulsuz biletlərlə təmin ediləcək.
Qonaq komanda üçün qapı arxasında yerləşən 17 və 18-ci sektorlar ayrılıb.
Təqribən 1500-ə yaxın azarkeşin vacib oyunda "Neftçi"nin yanında olacağı gözlənilir.
Bu da son illər klub adına səfər oyunları üçün rekorda azarkeş sayı hesab edilə bilər.
Xatırladaq ki, görüş 20:00-da start götürəcək. İlk oyunda "Sabah"ın 2:1 hesabla qələbə qazandığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ