
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” Masazırda “Sabah”ın qonağı olacaq.
Bu oyunla bağlı əsas sual finala hansı komandanın adlayacağı olsa da, diqqətlər həm də Elvin Camalova yönələcək.
Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi ağ-qara formada “Bank Respublika Arena”da ilk dəfə 3,5 il formasını geyindiyi komandaya qarşı rəqib qismində mübarizə aparacaq.
Sportinfo.az-a danışan səbəbkar məlum qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
“Mənim üçün xüsusi, “Neftçi” üçün olduqca vacib oyundur. Masazır stadionu mənə doğma yerdir.
4 ilə yaxın “Sabah”da oynamışam, kapitan sarğısını daşımışam. Və ilk dəfə “Neftçi” formasında həmin meydana ayaq basacağam.
Hazırda “Neftçi”nin şərəfini qoruduğum üçün yeni komandamla uğur qazanmaq istəyirəm. Məqsədimiz finala yüksələrək kuboku qazanmaqdır. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Elvin üçün prinsipial məqam həm də bir müddət öncə sabiq klubu ilə arasında yaşanan problemdir. “4 nömrə” keçmiş komanda yoldaşlarından biri ilə təmas quraraq onu “Neftçi”də görmək istədiyini bildirmiş və bu söhbət klub rəhbərliyinin qulağına çatmışdı.
Nəticədə “Sabah” rəsmi bəyanat yayaraq bu işdə Camalov günahlandırmışdı.
Maraqlıdır, həmin söz-söhbət təcrübəli futbolçunun oyununa nə dərəcədə təsir edə bilər? Ümumiyyətlə, psixoloji cəhətdən ona nə dərəcədə təsir edib?
O, qalmaqalla bağlı geniş açıqlama vermək istəmədiyini deyib, qısa danışdı:
“Özümü tanıyan biri kimi deyə bilərəm ki, vicdanım rahatdır. Əminəm ki, “Sabah” klubundakılar da məni yaxşı tanıyır.
Rəhbərliklə hər zaman münasibətlərimiz xoş olub. Əlbəttə, belə bir halın baş verməsi az da olsa mənə təsir etdi. Digər tərəfdən vicdanım ona görə rahatdır ki, kiməsə qarşı pislik etmək niyyətim olmayıb”.
Aprelin 2-də “Neftçi Arena”da baş tutan ilk oyunda “tələbələr” 2:1 hesabı ilə qələbə qazanıb.
Çərşənbə günü keçiriləcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB