
Azərbaycan millisinin və «Neftçi»nin qapıçısı Rza Cəfərovun legioner həyatı yaşamağa hazırlaşdığını xəbər vermişdik.
22 yaşlı qapıçının xidmətinə maraq göstərən «Rakov»dur.
Polşa çempionatının lideri gənc kiperə görə «ağ-qaralar»a rəsmi təklif göndərib.
Hazırda iki klub arasında danışıqlar gedir. Polyaklar «Neftçi»nin yetirməsinə görə təzminat ödəmək niyyətindədir. Hər halda qarşı tərəf bunu bakılı həmkarlarının diqqətinə çatdırıb.
Məbləğ isə kifayət qədər cəlbedicidir. Söhbət 150 min avrodan gedir.
Polşalılar həmyerlimiz üçün bu qədər məbləğdən keçməyə hazırdır.
«Neftçi» yönətimi də bu keçidin gerçəkləşməsinə müsbət yanaşır. Samir Abasov da həmçinin.
Bəs səbəbkarın özü? Cəfərov legioner həyatı yaşamağa həvəslidir.
«Rakov» azərbaycanlı futbolsevərlərə 2023-cü ilin yayından yaxşı tanışdır. Ekstraklasanın indiki lideri həmin il Çempionlar Liqasının ikinci təsnifat mərhələsində «Qarabağ»a rəqib olub.
Azərbaycan çempionu səfərdə 2:3 hesabıyla uduzub, evdə isə 1:1 oynayıb və mübarizəni dayandırıb.
Polşa çempionatında 27 tur arxada qalıb. «Rakov» 56 xalla turnir cədvəlinə başçılıq edir.
SPORTİNFO.AZ