
Premyer Liqanın 2024-25 mövsümündə yerli statusda çıxış edən futbolçuların ümumi qol sayı 100-ü keçib.
Sportinfo.az xəbər verir ki, 29-cu turda 2 yerli oyunçu fərqlənib ki, onların hər ikisi “Neftçi”nin formasını geyinir.
Maraqlıdır ki, “Şamaxı” ilə səfər görüşündə “ağ-qaralar”a 2:0 hesablı qələbə qazandıran Ramil Şeydayev və Filip Ozobiç milliləşən oyunçulardır. Şeydayev Premyer Liqada cari mövsüm yerlilərin vurduğu 100-cü qolun müəllifi olub.
Müqayisə üçün çempionatımızda əcnəbilər yerlilərdən xeyi çox fərqləniblər. Belə ki, gəlmələr 235 dəfə qapıçıları məyus ediblər. 7 halda isə avtoqol qeydə alınıb.
Ümumiyyətlə, 29-cu tur qol baxımından mövsümün ən kasad ikinci göstəricisidir. Daha əvvəl 24-cü turda da eyni hal yaşanıb. Antirekord isə cəmi 5 qolun vurulduğu 12-ci tura məxsusdur.