.jpg)
"Neftçi" Şamaxı səfərindən 3 xalla qayıtmağı bacardı.
Kimin üçünsə rəqibin adı və hesab asan oyundan xəbər verə bilər. Düzdü, meydan sahibləri 90 dəqiqə özünə bənzəmədi. Alışdığımız, gözlədiyimiz aqressiv, lazım olanda rəqib qapısında təzyiq yaratmağı bacaran "Şamaxı"ı görmədik.
Amma qonaqlarda da problem az deyildi.
Təsəvvür edin ki, start heyətində yaşı 30-dan aşağı cəmi 2 futbolçu - Emil Səfərov və Bassala Sambu yer alırdı. 27 yaşlı əcnəbi forvardı da digər qocaların sırasına qoymaq olar. Səfərov isə zədə səbəbindən erkən əvəzlənməli oldu.
Zədədən söz düşmüşkən, bu səbəbdən 8 futbolçu kənarda qalmışdı. Emilin ardınca zədə alan Rafael Quzzonun da ona qoşulduğunu bildirək. Hər iki oyunçu bu səbəbdən matçı erkən tərk etməli oldu.
Ən dəhşətlisi isə ikinci yarıda yaşananlar idi. Fiziki cəhətdən faktiki olaraq çatdırmayan 34 yaşlı Filip Ozobiçi, ondan heç də geri qalmayan Ramil Şeydayevi əvəzləyəcək adam ehtiyat skamiyada gözə dəymirdi.
Yalnız gənc Murad Məmmədova meydan vermək olardı. Nədənsə Samir Abasovu onu da gözdən çıxardı.
Oyunu 3 əvəzetmə ilə başa vurmaq bahasına olsa belə.
Matçın gedişində 30 milyon büdcəsi olan "Neftçi"nin futbolçularının dəfələrlə yerdə uzanıb vaxt aparmasının kökündə də qocalar evini xatırladan heyət dayanırdı. Amma istənilən halda kənardan "Neftçi" adına xoş görüntü yaratmırdı.
Bu məqam həm də növbəti dəfə ötən yay seleksiya işində nə qədər kobud xətalara yol verilməsinin əyani sübutudur.
XANOĞLAN İMANOV