"Samir Abasovla əvvəlki "Neftçi" qayıdacaq" - MÜSAHİBƏ

9 Aprel 21:00 Neftçi 1 509
"Samir Abasovla əvvəlki "Neftçi" qayıdacaq" - MÜSAHİBƏ

"Neftçi" Premyer Liqanın 29-cu turunu qələbə ilə arxada qoydu.

"Ağ qaralar" Şamaxı səfərində 3 xala sevindi - 2:0.

Matçdan sonra komandanın təcrübəli siması Rəhman Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Qələbə elə də asan başa gəlmədi. Nələr deyə bilərsən?

- Ağır səfər gözlədiyini bilirdik. Sintetik meydanda oynamaq da bizə əlavə problem yaradırdı. Ağır şəraitdə mübarizə apardıq. Bundan başqa çox sayda zədəli oyunçumuz vardı. Uzun müddətdir oynamayan uşaqlar vardı. Çətin idi mübarizə aparmaq. Buna rəğmən önəmli qələbə qazana bildik.

- Qələbədə nə həlledici oldu?

- Komandanın sona qədər mübarizə aparması. Bu da növbəti oyunlar öncəsi bizim üçün yaxşı motivasiyadır. Dəyərli 3 xal qazandıq".

- Ölkə Kubokunda "Sabah"a çox əhəmiyyətli oyundakı məğlubiyyətdən sonra Şamaxı səfərinə psixoloji olaraq hazırlaşmaq çətin olmadı?

- Düzdü, "Sabah"a məğlubiyyət xoş deyil. Çünki daha fərqli ola bilərdi. Artıq bu baş verdi. Olacağa çarə yoxdur. Amma cavab görüşü var. Hələ heç nə bilinmir.

- Çempionat yolu ilə də avrokuboklara getmək şansı az deyil. Amma sanki ölkə kubokuna daha çox köklənməyiniz çempionatdakı oyunlarınıza mane olur...

- Yox, belə deməzdim. Mövsümə çox pis başladıq. Bunun altından çıxmaq asan iş deyil. Çünki uzun müddət qələbə qazana bilmədik. Ona görə də geri dönmək, üst pillələrə qalxmaq asan deyil. Özü də tez bir zamanda bunu etmək çətindir. Samir müəllim gələndən sonra dəyişiklər aydın görünür. Oyun və yanaşma müsbətə doğru dəyişib.

- Uğursuz keçən birinci dövrəni xüsusi önə çəkdin. Həmin dönəmdə aldığınız ağır travmanı tam olaraq arxada qoymaq üçün nəyə ehtiyac var?

- Sadəcə bizə zaman lazımdır. Qarşıda bizi 8 oyun gözləyir. Çempionatda da yuxarı pillələrə qalxmaq şansımız var. İnanıram ki, komandamız daha yaxşı yerlərə gedəcək. Məqsədimiz avrokuboklara getməkdir. Samir müəllimlə əvvəlki "Neftçi" qayıdacaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Bunun üçün çox istəmək və çalışmaq mütləqdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti