
Dünənə qədər “Neftçi”nin fikri-zikri kubokdaydı.
Ki, “Sabah”ı yarımfinal yolundan kənarlaşdırıb, həlledici qarşılaşmadakı rəqibini də məğlub edib avrokuboklara vəsiqə qazansın.
İlk oyundan sonra vəziyyət əməlli-başlı qəlizləşdi. “Sabah” “Neftçi Arena”da 2:1 hesabı ilə haqlı qələbə qazandı, penaltisi verilmədi, 2-3 real qol şansı boşa getdi.
Cavab görüşündən əvvəl şansların 60-ın 40-a, bəlkə də 70-in 30-a “tələbələr”in tərəfini keçib. Bu oyunla, bu istəklə, bu durumla “Neftçi”nin final şansı çox-çox çətin görünür.
“Ağ-qaralar” həvəsdən düşməyib yenidən Premyer Liqaya qayıtmalıdır. Çempionatdan Avropaya getmək daha asan və real görünür, nəinki kubokdan.
6-cı pillədəki “Neftçi”nin üst pillələrdəki qonşuları ləngər vurur. “Turan Tovuz”la “Sabah” 2025-ci ildə ardıcıl iki matçda qələbə qazana bilməyib. Bir oyunda qalib gələndə, o birində mütləq uduzurlar.
Hesabat turunda “Turan”ın “ASCO Arena”da 2 xal itirməsi, “Sabah”ın öz meydanında “Kəpəz”ə boyun əyməsi aradakı fərqin azalmasına səbəb ola bilər.
Bakılılar “Şamaxı”nı uda bilsə, “Sabah”la fərq 1-ə, “Turan”la 9-a enəcək. Çempionatın başa çatmasına isə 7 tur, yəni 21 mümkün xal var.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv dördüncü dövrədə əsas rəqiblərinin hər ikisi ilə üz-üzə gələcək. Bu, mümkün 6 xal deməkdir.
Rəqiblərin “Zirə”, “Araz-Naxçıvan”, “Qarabağ” kimi rəqioblərlə matçlarda xal itirəcəyini nəzərə alsaq, “ağ-qaralar”ın 4-cü sıraya yüksəlmək şansı olduqca realdır.
Bu şans da əldən verilsə, Samir Abasov qələm-dəftərini qarşısına qoyub növbəti mövsümə hazırlaşsın. Ancaq bu futbolçularla yox. Başdan-ayağa yeniləcək heyətlə.
HƏBİB / SPORTİNFO.AZ