
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi Azər Salahlı Premyer Liqanın 28-ci turunda “Araz-Naxçıvan”la oyundan (1:1) sonra sualları cavablandırıb.
- Çempionatdakı fasilədən sonra ilk oyunumuz idi. İstirahətin ardınca meydana çıxmaq asan olmur. Buna baxmayaraq, yaxşı çıxış etdik, epizodlarımız çox oldu. Sadəcə olaraq son anda bir qədər soyuqqanlığımız çatmadı. Buna görə də 1:1 hesabı qeydə alındı.
- 7 dəqiqəyə 2 qol vurulduqdan sonra sanki komandalar meydanda dayandılar, hər iki tərəf daha ehtiyatlı oynamağa başladı. Bu, nədən irəli gəlirdi?
- Deməzdim ki, ehtiyatlı oynamağa başladıq. Niyyətimiz oyuna aqressiv başlamaq idi. Belə də oldu. Erkən qol vurduq. Sonradan öz səhvimizdən, ehtiyatsızlıqdan qol buraxdıq. Yenidən hesabda önə keçə bilərdik. Epizodlarımız çox oldu. Lakin onlardan yararlana bilmədik.
- Cari mövsüm 4 oyunun heç birində “Araz-Naxçıvan”ı məğlub edə bilmədiniz. Naxçıvan klubu ilə bacarmamağınıza səbəb nədir?
- “Araz-Naxçıvan”la əvvəlki 3 görüşdə cəmi 1 xal qazanmışdıq. Ona görə də budəfəki matça xüsusi hazırlaşmışdıq. İstəyirdik ki, nəhayət 4-cü oyunda onlara qalib gələk. Təəssüf ki, ikinci hissədə əldə etdiyimiz şansları qola çevirə bilmədik.
- Ola bilərmi ki, “Neftçi” çempionata tam köklənə bilmir, fikrinizin bir hissəsi kubokdadır?
- Təbii ki, kubok bizim üçün vacibdir. Lakin bu günə qədər ilk növbədə çempionat matçını düşünürdük. Yalnız bu gündən “Sabah”la matça köklənəcəyik və çox ciddi hazırlaşacağıq.
- Razısınız ki, mövsümün xilası üçün “Neftçi”nin kubokda minimum finala çıxması mütləqdir?
- Çempionatın sonuna 8 tur qalıb. Riyazi baxımdan Premyer Liqadan da avrokuboklara yollanmağımız mümkündür. Düzdür, çətindir, amma bu, baş verə bilər. Biz hər matça ciddi hazırlaşırıq. Təbii ki, indiki halda kubokdan Avropaya yollanmağımız daha real görünür. Görək mövsümün sonunda necə olur.
- Son oyunlarda “Neftçi”nin qollarını vuran Bassala Sambu cəza səbəbindən kubokun yarımfinalında komandaya kömək edə bilməyəcək. Onun yoxluğu oyununuza nə dərəcədə təsir edəcək?
-- Sambu həqiqətən də hazırda yaxşı formadadır. Son oyunlarda vacib qollar vurur, komandaya fayda verir. Belə halda onun yoxluğunun bizə ziyanı olacaq. Düşünürəm ki, Sambunun əvəzinə meydana çıxacaq hücumçular onu layiqincə əvəz edəcəklər.