
"Neftçi”nin baş məşqçisi Samir Abasov Haiti və Belarus komandaları ilə oyun üçün Azərbaycan millisinin heyətinə cəlb edilən futbolçularının durumundan danışıb.
Sportinfo.az xəbər verir ki, S.Abasov bildirib:
"Əlbəttə ki, uduzmaqları (Haiti və Belarusa - red.) hər bir azərbaycanlını üzür. Həmçinin də mənim futbolçularımı.
Psixoloji cəhətdən əlavə, onlar millidən qayıtdıqdan sonra fiziki durumları yaxşı deyil idi. Demirəm ki, sırf milli buna səbəb olub”.
S.Abasov qapıçıları Rza Cəfərovun millidən zədəli qayıtdığını söyləyib:
“Məni narahat edir ki, Rza Cəfərov millidən zədəli qayıdıb və onu bu halda Belarusla son oyuna da buraxmışdılar.
Bilmirəm, nəyə görə. Bunları araşdırırıq. Bu cür məqamlar bizi narahat edir ki, Rzanı növbəti oyunlarda itirə bilərik.
Digər oyunçulara gəldikdə, arada düşünürəm ki, futbolçulara sərbəstlik verməlisən, özləri bu durumdan çıxsın.
Ağadadaş gəncdir, ola bilər, belə şeyləri çox dərk etmir. Amma Elvin Camalovu görürdük ki, psixoloji cəhətdən yaxşı deyil.
Çünki Camalov bizdə də məğlub olanda çox əsəbiləşən oyunçudur. Xarakterlidir, onunla danışdım. Amma ediləsi bir şey yoxdur. Milliyə uğurlar”.