
“Neftçi” azarkeşləri “Araz-Naxçıvan”la oyunu səbrsizliklə gözləyir.
Turnir cədvəlindəki vəziyyət heç. Onsuz da çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı yox dərəcəsində azalıb.
Azarkeşləri narahat edən məqam sevimli komandalarının “Araz”la matçlarda istəyinə çata bilməməsidir. Prinsipiallıq məsələsi.
Deməli, Naxçıvan təmsilçisi elitaya yüksələn vaxtdan, 2023-cü ilin avqustundan bu yana komandalar ümumilikdə yeddi dəfə üz-üzə gəlib.
Bu oyunların dördündə “qırmızı-ağlar” qələbəni bayram edibsə, iki dəfə heç-heçə qeydə alınıb. Və yalnız bir halda bakılıların üzü gülüb.
Ötən ilin aprelində Miodraq Bojoviçin dönəmində “Neftçi” “Araz”ın qapısından 3 cavabsız top keçirib. Vəssalam!
Cari mövsümdə keçirilən üç matçın birincisində Roman Qriqorçukla Elmar Baxşıyevin dueli heç-heçə sonuçlanıb.
Digər ikisində Baxşıyev Samir Abasovdan üstün olmaqla yadda qalıb – 1:0, 2:1.
Oyunun “Neftçi Arena”da keçirilməsi meydan sahibləri üçün ciddi üstünlükdür. Bakılılar 2025-ci ildə öz meydanında keçirdiyi qarşılaşmalarda inamlı görünür.
“Sumqayıt”la “Şamaxı”nı məğlub edib, “Sabah” və “Turan Tovuz”la bərabərə qalıblar. Bu il “Neftçi Arena”da yalnız “Qarabağ”a uduzublar. Ölkə kuboku uğrunda “Kəpəz” üzərində 1:0 hesablı qalibiyyət də yaddan çıxmamalıdır.
“Araz”ın heyətindəki itkilər “ağ-qaralar”ı həvəsləndirməyə bilməz. Komandanın bombardiri Felipe Santos cəza səbəbindən oynaya bilməyəcək.
Mustafa Əhmədzadə ilə Miço Kuzmanoviç zədə səbəbindən kənarda qalacaq. Naxçıvanlıların ən təcrübəli futbolçusu Ramon Maçadonun ağır zədədən qayıtdığını nəzərə alsaq, optimal formasından uzaq olduğu dəqiqdir.
“Neftçi” doğma meydan və azarkeş amilindən, rəqibin heyətindəki itkilərdən yararlanıb qələbə qazana bilməsə, “Sabah”la kubok görüşlərində işi çətin olacaq. İndiki məqamda psixoloji amil çox-çox önəmlidir.
Martın 29-da keçiriləcək duelin start fiti saat 16:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ