
“Neftçi” tarixinin ən effektli və unudulmaz legioneri Flavinyodur desək, yanılmarıq.
Ağ-qara formanı geyindiyi 5 il ərzində bu rənglərə könül verən azarkeşlərin könlündə “taxt quran” braziliyalı vinger hələ də sevilir və xatırlanır.
Flavinyo 10 il əvvəl Azərbaycanı tərk edəndən sonra bir də bura qayıtmayıb. Ancaq daim açıqlamalar verir, “Neftçi”ni diqqətdə saxladığını göstərir.
Futbolçu karyerasını başa vurandan sonra əmlak tikintisi və satışı ilə məşğul olan keçmiş “9 nömrə” yenidən futbola qayıdıb. Lakin bu dəfə futbolçu yox, məşqçi kimi.
41 yaşlı mütəxəssis ötən ilin sonunda dostu ilə birgə yaratdığı AFSPORTS futbol məktəbində uşaq və yeniyetmələrə futbolun sirlərini öyrədir.
Artıq çəki almasa da, üz və saç görünüşü kifayət qədər dəyişib. Flavinyo “instagram” hesabında fəallıq nümayiş etdirərək yeniyetmələri məşqlərə səsləyir.
Vaxtilə yaşıl meydanlarda xarüqələr yaradan Flavinyonu indi yaşa dolmuş və məşqçi kimi görmək hər nə qədər sevindirici olsa da, bir o qədər təsirləndirir. Həqiqətən o, “Neftçi” üçün əsl sima, əsl xarakter sahibi idi.
HƏBİB / SPORTİNFO.AZ