
"Neftçi" rəhbərliyi mövsümün sonunu gözləmədən Samir Abasovla masa arxasına oturmalıdır. Gələcək planlar barədə danışıq aparmaq üçün. Abasov arxada qalan müddətdə ortaya qoyduğu işlə bunu haqq edir. Zaman göstərir ki, bu adama vaxt vermək lazımdır.
Bunu biz yox, ən başda rəqəmlər deyir.
Roman Qriqorçukun dönəmində komanda birinci dövrəni 5 xalla bitirmişdi. "Neftçi"nin dərdi isə təkcə bununla bitmirdi. Kollektiv mənəvi olaraq çökmüşdü. Nəinki qələbə qazanmaq, heç qol vurmaq həvəsi qalmamışdı. Ukraynalı mütəxəssis heyəti yararsız əcnəbilərlə doldurdu. Komandanın fiziki, psixoloji durumunu iflic vəziyyətə saldı. Əbəs deyil ki, hər kəs bu mövsümün bitdiyini hələ payızda proqnozlaşdırırdı. Hətta yaxın 2 mövsümdə "Neftçi"ni düşdüyü böhrandan çıxarmaq çətin görünürdü.
Amma bu qədər problemlərə rəğmən Samir Abasov yükün altına girdi. Birinci dövrədə 5 xal toplayan "Neftçi"nin 3-cü dövrədən sonra aktivində 31 xal var. Ortalama hər dövrəyə 13 xal deməkdir.
Bəzi oyunlarda şanssızlıq yaşanmasaydı xal ehtiyatı bu gün daha çox ola bilərdi.
Samir Abasovun təyinatından sonra təsadüf edən iki dövrəyə görə turnir cədvəli tərtib edəsi olsaq, Bakı klubundakı irəliləyiş daha qabarıq gözə dəymiş olar.
Komanda bu dövrə təsadüf edən 18 matçda 26 xal qazana bilib. Bu isə yalnız "Qarabağ" (40 xal), "Zirə" (35 xal) və "Araz Naxçıvan"dan (27 xal) sonra ən yaxşı 4-cü nəticədir.
Birinci dövrədən sonra 9-cu olan kollektivlə bundan yaxşı göstərici?
Təcrübəli mütəxəssis özü formalaşdırdığı, toplanış keçdiyi heyətlə əminəm ki, ən azı bundan 10 xal daha çox aktivinə yazdıra bilərdi.
Bu gün çempionatda "asan yem" deyiləcək rəqib yoxdur.
Sonuncu pillədə qərarlaşan "Səbail"in müqavimətini "Qarabağ" belə çətinliklə qıra bildi. "Zirə" 10 nəfərlə qalan bu komandaya yalnız son saniyələrdə vurduğu qolla qalib gəldi. Deməli, qazanılan hər qələbə dəyərlidir.
"Neftçi" ölkə Kubokunda da mübarizəni davam etdirir. Ən önəmlisi futbolçular, azarkeşlər nəyəsə ümid edir. Hətta mümkünsüz görünən Premyer Liqadan avrokuboklara getmək şansı bu gün qalır. Samir Abasov bu qədər dəyişikliyi özünün qurmadığı heyətlə bacarıb.
Sanki kimlərsə "Neftçi"də yaranan müsbət qığılcımı beşikdəcə boğmağa çalışır.
Hər vəchlə Samir Abasova təzyiqlər olunur.
O, hətta qalib gəldiyi oyundan sonra neqativ fikirlərlə üz-üzə qalır.
Klub rəhbərliyi heç bir halda kənar müdaxiləyə, açılan cəbhələrin oyunlarına getməli deyil.
Əksinə Abasova dəstək olmaq, sahib çıxmaq mütləqdir. Bu halda növbəti mövsüm iddialı, çempionata rəng qatacaq, hətta çempionluq mübarizəsində olacaq "Neftçi"ni görə bilərik.
XANOĞLAN İMANOV