
Sportinfo.az xəbər verir ki, bu gün “Neftçi” Peşəkar Futbol Klubunun yaranmasından 88 il ötür.
1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi.
1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı.
Buna görə də “qara qızıl” sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi.
Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan, komanda əvvəlcə “Neftyannik” adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanlar əks olundu.

Emblemdə neft buruğunun fonunda kiril əlifbasının “H” hərfi — “Neftyannik” sözünün birinci hərfi idi. Təbii ki, “qara qızıl”ın da rəngi formanın əsasını təşkil etdi.
Həmin dövrdə neftlə bərabər “ağ qızıl” adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından, qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən “Neftçi” ağ-qara rənglərə sadiq qaldı.
“Neftçi” ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu, həmçinin komandanın debüt oyunu idi.
SSRİ kubokunun 1/64 finalında o zaman “Neftyannik” adlanan komanda Bakının “Dinamo” stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol “Neftçi”nin tarixində ilk olub.
Sovet dövründə Azərbaycan futbolunun tarixi demək olar ki, “Neftçi” ilə bağlı olub. Komanda 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb.
Müstəqillik dövründə “Neftçi” 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan kubokuna və 2 dəfə Azərbaycan superkubokuna sahib çıxıb. Komanda beynəlxalq miqyasda bir dəfə “Birlik Kuboku”nu qazanıb. Bu, Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubokdur.
2012-ci ildə “Neftçi” UEFA Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-ini iki oyunun nəticəsinə görə 4:2 hesabıyla məğlub edərək, yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olub.