“Neftçi”nin baş məşqçisi özündən çıxa(ra)nda...

17 Mart 22:20 Neftçi 380
“Neftçi”nin baş məşqçisi özündən çıxa(ra)nda...

Samir Abasovun son iki mətbuat konfransı gərginliklə yadda qalıb.

Həm “Turan Tovuz”, həm də “Səbail”lə matçlardan sonra verilən suallar “ağ-qaralar”ın baş məşqçisinin xoşuna gəlməyib.

Razıyam, Abasovun yerində mən olsaydım, bəlkə daha aqressiv davranardım, bəlkə daha sərt cavab verərdim. Qalib gəldiyimiz oyundan sonra jurnalist məndən “uğursuzluq olsa, istefa verəcəksiniz” soruşsa, “cin atına minərəm”.

Bu qədər zəiyyət çək, gecəni gündüzünə qatıb nələrisə düzəltməyə çalış və hər konfransda mütləq neqativ sualla qarşılaş. Şübhə, sual, narahatlıq yaradır axı.

Samir Abasov qələm əhli üçün “çörək ağacı”dır. Bir balaca hislərinə toxunacaq sual verən kimi özündən çıxır, partlayış açıqlamalar verir. Dedikləri də günlərlə müzakirə olunur, efirlərdə danışılır. Özü də fərqindədir. Həmkarlarımız bəzən material çıxarmaq üçün baş məşqçiyə bu tip suallar verir.

“Neftçi”də yaxşıya doğru kifayət qədər dəyişiklik var. Komandanın oyun planındakı irəliləyiş, nəticələrdəki yaxşılaşma, ölkə kubokunun yarımfinalına vəsiqə. Sabah nə olacaq, heç kim bilmir. Bu gün işlər plan üzrə gedir.

Belədə, “Neftçi” mövzusunda yerinə düşməyən və qıcıq doğuran sualları bəzən anlamaq mümkün olmasa da, Abasov səbr və təmkin nümayiş etdirməlidir. Məsələn, əsəblərinə toxunan suala yumorla cavab vermək əla alınır onda. Axı Abasov məhz buna görə sevilir. Cavab verməmək kimi haqqı da var.

Ancaq heç bir halda “partlamamalı”, işindən soyumamalıdır. “Neftçi”nin əvvəlki günlərini qaytarmaq üçün ələ əla imkan düşüb. Bundan gözəl fürsət yaxın gələcəkdə bir də olmayacaq. Abasov özünü ətraf təsirlərdən tam qorumaqla bütün diqqətini işinə ayırlmalıdır. Heç bir halda “relsdən çıxmaq” olmaz. Hətta komanda avrokuboklara vəsiqə qazanmasa belə.

“Neftçi”dəki qüsurları aradan qaldırmalı, komandanın oyununu təkmilləşdirməli, növbəti mövsüm üçün ideal kollektiv qurulmalıdır. “Neftçi”ni xilas etməyin tək yolu budur. Əks halda, betəri yaşana bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...