“Neftçi”nin “veteran”ı açıq danışdı: “Orada əziyyət çəkirik”

09:50 Neftçi 537
“Neftçi”nin “veteran”ı açıq danışdı: “Orada əziyyət çəkirik”

“Çox yaxşı komandaya qarşı oynayacağıq. “Səbail” son matçlarda uduzsa da, qol epizodları yaradır, sürətli oyun göstərir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Rəhman Hacıyev deyib.

Son iki turda qələbə qazana bilməyən “ağ-qaralar” Premyer Liqanın 27-ci turunda “ASCO Arena”da “Səbail”in qonağı olacaq.

Samir Abasovun rəhbərlik etdiyi kollektivin qeyri-sabit çıxışı əsas problemdirsə, digər məqam qarşılaşmanın süni örtükdə keçiriləcəyidir.

Ağ-qara formada 200-dən çox oyun keçirmiş 31 yaşlı yarımmüdafiəçi bütün çətinliklərə baxmayaraq, Bayıla qələbə dalınca yollanacaqlarını gizlətməyib:

“Heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Və turnir cədvəlindəki vəziyyət bizi aldatmamalıdır. Dediyim kimi, “Səbail” yaxşı rəqibdir.

Düzdür, “sintetika”da əziyyət çəkirik. Tək biz yox, əksər komandalar üçün çətindir. “Kəpəz”lə oyunda süni örtükdə oynamaq həqiqətən çətin idi.

Gərgin və maraqlı oyun olacaq. Məşqçilər heyətinə və komanda yoldaşlarıma güvənirəm. Əlimizdən gələni edib, meydanı qələbə ilə tərk etməyə çalışacağıq”.

Martın 16-da baş tutacaq görüşün start fiti saat 16:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti