
“Neftçi” – “Turan Tovuz” qarşılaşmasının18-ci dəqiqəsində qonaqlar azlıqda qaldı.
Rəvan Həmzəzadə Filip Ozobiçə qarşı aşkar kobudluğa görə Emmanuel Hakmana qırmızı vərəqə göstərib vəzifə borcunu düzgün yerinə yetirdi.
Lakin növbəti vəzifə borcu havadan asılı qaldı. Qonaqların daha bir futbolçusu meydanı vaxtından əvvəl tərk etməli olduğu halda, Rəvan bilərəkdən, ya da bilməyərəkdən aşkar kobudluğu görmədi.
İlk hissəyə əlavə olunmuş dəqiqə oynanılırdı. Azər Salahlı ona göndərilən topu qəbul edib irəliləmək istəyəndə Veysəl Rzayev aşkar şəkildə rəqibin ayağına zərbə endirdi.
Epizodun qiyməti birmənalı cərimə zərbəsi və qırmızı vərəqə olsa da, Həmzəzadənin fiti və vərəqəsi “susdu”. Deyək ki, hava dumanlı idi, hakim epizodu dəqiq görə bilmirdi, daha bir futbolçunu qovmaqdan ehtiyat etdi.
Bəs, VAR hakimi Rauf Cabbarov? O da görməyibsə, deməli, mövzu son dərəcə dərindir. Yox, Rəvana xəbərdarlıq edibsə, hakim vecə almayıbsa, bu, hakimlik adına ağır təhqirdir.
Premyer Liqanın ən stajlı iki hakimi Veysəlin kobudluğunu görmürsə, gör, o birilər nə haldadır.
Xatırlayırsınızsa, fevralın 28-də elə həmin “Neftçi Arena”da ölkə kuboku çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” oyununda referi Rəşad Əhmədov Bassala Sambunun Elmir Tağıyevə qarşı qəsd olmayan hərəkətini “qırmızı” kimi dəyərləndirmişdi.
Hakim “sarı” göstərsə də, VAR-ın köməyinə gərək duyandan sonra qərarını “qırmızı”ya dəyişmişdi. Ki, Sambu topu vurandan sonra ayağını Elmirə toxundurmamalı idi, başqa yerə qoymalıydı.
Azərbaycan hakimliyinin vəziyyəti dəhşətli dərəcədə acınacaqlıdır. I Liqadakı rəzalətdən danışmırıq ha. Gözlərimizin önündə olan Premyer Liqa bazarı xatırladır. Kim hansı qərarı istəyirsə, onu da qəbul edir. İşlərinə yarayanda qaydalarla əlaqələndirirlər, vəziyyət cızığından çıxanda sükut çökür.
İkili standartlar, verilməyən vərəqələr, qısası, kobud səhvlər çempionatın nüfuzunu aşağı salmaqdadır.
Buna görə də Azərbaycan futbolu azarkeşlərdə ikrah doğurur.
Buna görə də ayrı-ayrı komandaların irəli çəkilməsinə dair söhbətlər yaranır və dolaşır.
Buna görə də stadionların tribunalarını toz basır.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN